“YAP-ın siyahısında olanlar cəmiyyətə pis mənada tanışdırlar” — Arif Hacılı

MÜSAHİBƏ 29 dek 2019, 14:58

YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bildirib ki, bütün partiyalar YAP-ın siyahısını açıqlamasını gözləyirdi. O, bunu YAP-ın möhtəşəm siyasi güc olması ilə izah edib. YAP-ın siyahısı açıqlananda böyük sürprizlərlə qarşılaşdıq demək olmaz. Müsavat Başqanı Arif Hacılı ilə söhbətimizdə məhz bu məsələlərdən danışmışıq. Bizim yol.info Arif Hacılı ilə müsahibəni təqdim edir.


- Sizin partiya YAP-ın siyahısını gözləyirdimi? YAP doğrudanmı, möhtəşəm gücdür?


- Siyahını birinci elan edən “Müsavat” partiyası olub Əgər kimisə gözləsəydik, siyahını elan etməzdik. YAP siyasi partiya olaraq yox, seçki komissiyalarını tam nəzarət altında saxlayan, dövlətin resurslarından istifadə edən, külli miqdarda maliyyə vəsaitinə malik olan partiya olması ilə tanınır, bu hamıya məlumdur. YAP-ın gücü onun cəmiyyət arasındakı nüfuzundan yox, məhz güclü maliyyə resurslarından istifadəsi və seçki komissiyalarını tam nəzarət altında saxlamasından qaynaqlanır.


- Parlament seçkilərinin şəffaf keçiriləcəyinə ümudiniz var?


- Seçkilərin şəffaf keçirləcəyinə ümid bəsləmək üçün heç bir əsas yoxdur. Çünki, seçkilərin şəffaflığı yalnız seçki günü müəyyənləşmir. Cəmiyyətdə demokratik seçkilərin keçirilməsi üçün seçkiqabağı şərait olmalıdır, ölkədə fundamental insan azadlığı, söz azadlığı, sərbəst toplaşma azadlığı təmin edilməlidir. Şəffaf seçkilərin keçirilməsi üçün demokratik seçki qanunvericiliyi olmalıdır. Seçki komissiyaları tam olaraq bir siyasi qüvvənin nəzarəti altındadır.Eyni zamanda bərabər siyasi rəqabət şəraiti , bərabərhüquqlu təbliğat imkanları yoxdur. Bu anlamda seçkilərin şəffaf keçirilməsinə ümid etmək sadəlövhlük olardı. Lakin, Azərbaycanda mövcud siyasi rejimin daha da möhkəmlənməsi istimətində aparılan işin qarşısını almaq və müqaviməti gücləndirmək məqsədi ilə seçkilərdə iştirak edirik. Ümid edirik ki, bu da bir nəticə verəcək.


- YAP-ın siyahısında çoxlu sayda köhnə adlar gördük. Yerdəyişənlər də oldu. Bu bir az “bığdan kəsib saqqala qoymaq” kimi görünür.


- YAP guya xarcdə təhsil almış, innovativ üsullarla siyasi mübarizə aparan, daha intellektual, operativ gənclərlə təmsil olunacağını bəyan etsə də, siyahı təqdim olunarkən bunu görmədik. Ən azından siyahı ilə ilkin tanışlıq bunu deməyə əsas vermir. Siyahıda cəmiyyətə tanış olan şəxslər cəmiyyətə pis mənada tanışdırlar və millət vəkili funksiyalarını yerinə yetirə bilməmələri ilə özlərini cəmiyyətə təqdim ediblər. Siyahıda tanınmayan şəxslərin olması bütövlükdə siyasətdə mümkünsüz sayılan bir amildir. Dövlət rəhbərliyinə, parlamentə seçilən şəxslər siyasətlə məşğul olan, cəmiyyət arasında nüfuza malik şəxslər olmalıdır. Bir çox siyasi ekspertlər hesab edirlər ki, YAP üzdə olan nüfuzlu şəxsləri, tanınmış ziyalı və mütəxəssisləri siyahıya əlavə edəcək. Amma siyahı müəyyən edilərkən ailə üzvləri ilə yaxınlıq, şəxsi maraqlar, şəxsi sədaqət, dostluq əlaqələri olan şəxslərin adları siyahıda göründü. Bu prinsip əsasında formalaşan yeni parlament üzvlərinin köhnələrə nisbətən daha səmərəli fəaliyyət göstərəcəyini düşünmək sadəlövhlük olardı. Nəzərə alsaq ki, 5 həftə vaxt qalır, təbliğat kampaniyasına da 3 həftə vaxt ayrılıb, belə olan halda tanınmamış adam necə bir dahi olmalıdır ki, özünü tanıda, etimad qazana bilsin.Millət vəkili vəzifəsi siyasi vəzifədir. Bu işlə siyasətçilər hüquqşünaslar, iqtisadçılar ölkənin taleyi barədə düzgün qərarlar verməyə qadir insanlar məşğul olmalıdırlar.


Dünən “Müsavat” partiyası ilə YAP-ın siyahılarını müqayisə etdim. Siyasi təcrübə, intellekt və cəmiyyət arasındakı nüfuzları baxımından “Müsava”ın siyahısında olanlar YAP-dakılardan xeyli güclüdür. Əgər siyasi şərtlərə əməl olunsa, “Müsavat”çılar YAP-çılar üzərində qələbə çalmaq imkanına malikdirlər.


- İncəsənət xadimləri də deputat olmağa çox can atırlar. Bir çox ekspertlər bunun düzgün olmadığını əsaslandırsalar da, incəsənət nümayəndələri demokratik bir dövlətdə hər kəsin seçilmək hüququ olduğunu deyirlər.


- Millət vəkilliyi siyasi bir vəzifədir. Yenə qeyd edirəm politoloqlar, siyasətçilər, hüquşqnaslar təmsil olunmalıdırlar. İncəsənət adamlarının namizədliklərinin irəli sürülməsinə mənfi yanaşmıram. Bəli, demokratik bir dövlətdə bu onlara da verilən haqdır. Sadəcə saxta seçkilər vasitəsi ilə mənafelərə uyğun olmayan, nəticə etibari ilə parlamenti müzakirə, problemləri həll etmək istiqamətində mühüm qərarlar verən qanunverici orqandan çox, məzhəkə orqanına çevirmək düzgün deyil. Azad seçkilər vasitəsilə kim seçilə bilirsə, o, parlamerntdə olmalıdır. Demokratik seçkilər bunu tələb edir.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top