"Müəllimlərdən işə qəbul imtahanı üçün ödəniş tələb edilməsi barədə əvvəllər də açıqlama verilmişdir və bir neçə dəfə bu mövzuya toxunulub. Söhbət ondan gedir ki, bəzi müəllimlərimiz imtahanlara dəfələrlə girir, lakin bir sıra hallarda prosesi sona çatdırmırlar".
Bunu Demokrat.az-a açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
O, bildirib ki, dövlət bu sahəyə böyük vəsait ayırır və imtahanların təşkili asan məsələ deyil:
"Bu proses həm böyük vəsait, həm də peşəkarlıq tələb edir. Burada çoxlu insan çalışır, müxtəlif avadanlıqlar və texnikalar istifadə olunur. Vəsaitlərin səmərəli istifadəsi üçün müəyyən qərarlar qəbul edilir. Məbləğ həm çox yüksək, həm də çox aşağı deyil. Elm və təhsil nazirliyi çıxış yolunu belə göstərir və burada məqsəd müəllimlərdə məsuliyyət hissini artırmaqdır".
Deputat bildirib ki, müəllimlər imtahanlara daha məsuliyyətli yanaşmalı, müsahibə mərhələsində iştirak etməli və bütün prosesləri axıra kimi davam etdirməlidirlər:
"Bu məsələni həmin prizmdən qiymətləndirmək lazımdır. Müəllimlər həmçinin daha diqqətli, qənaətcil olmalı və çalışmalıdırlar ki, bu prosesdən düzgün və səmərəli şəkildə istifadə edilsin. Nəticədə dövlətin vəsaiti də doğru istiqamətlərə yönləndirilsin".
Əfsanə Kamal Demokrat.az


