Bakının Xəzər rayonunda 2003-cü il təvəllüdlü Həsrət dayısının həyat yoldaşı Vüsaləyə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə onların birgə yaşadıqları evdə baş verib. Həsrət Vüsalə ilə aralarında baş vermiş mübahisə zəminində təpiklə onun bel nahiyəsindən bir dəfə vurub.
Hadisəni törədən Həsrətin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Həsrət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxs onun dayısı Aqilin həyat yoldaşıdır: “Evdə olan zaman yaşadığım evin hamam otağında əl-üz yumaq üstündə onunla aramızda mübahisə baş verdi. Bu vaxt yerdən götürdüyü ayaqqabı geyinənlə mənim qol və ayaq nahiyyəmdən qəsdən vuraraq xəsarət yetirdi. Lakin, mən Vüsaləyə heç bir xəsarət yetirməmişəm. Əksinə Vüsalə hər gün evdə problemlər yaradaraq səs küy salar, evdə yaşayan insanlara narahatlıq yaradır”.
İş üzrə zərərçəkmiş Vüsalənin sözlərinə görə, təqsirləndirilən şəxs onun baldızı İlhamənin oğludur: “Hadisə günü saat təxminən 23 radələrində yaşadığım evdə olan zaman Həsrət evə gəldi. Hamamda əl-üz yumaq üstündə aramızda mübahisə baş verdi. Bu vaxt Həsrət təpiklə bel nahiyyəmdən vuraraq xəsarət yetirdi. Sonra döyülərək xəsarət almam barədə Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verdim. Mən Həsrəti ayaqqabı geyinənlə vurmamışam”.
Xəzər Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Təqsirləndirilən şəxs yaşadığı evi cəza çəkmə müddəti ərzində hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsi, həmçinin Bakı şəhəri ərazisini tərk etməsi də qadağan olunub.
Bundan başqa, onun elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməsi tapşırılıb.
Məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb.
Təqsirləndirilən şəxsin üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub. Hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilib.
Fariz Məlikli Demokrat.az


