Kriminal Özəl

40 yaşlı kişi arvadına əvvəlcə şiddət göstərdi, sonra ölümlə hədələdi — TƏFƏRRÜAT

40 yaşlı kişi arvadına əvvəlcə şiddət göstərdi, sonra ölümlə hədələdi — TƏFƏRRÜAT

Göygöl rayonunda 1985-ci il təvəllüdlü Qulu şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Fərqanəyə (adlar şərtidir – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2025-ci ilin fevralın 13-də rayonunun kəndlərindən birində baş verib.

Qulu yaşadığı evdə olan zaman həyat yoldaşı Fərqanənin ondan boşanmaq istəməsi və evdən xəbərsiz çıxıb anasıgilə getməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı ona bıçaq ilə baş nahiyyəsindən qəsdən bir neçə dəfə vurub.

Hadisəni törədən Qulunun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Qulu ona elan olunan ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Göygöl rayonunun kəndində ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq işsizdir: “Zərərçəkmiş Fərqanə mənim həyat yoldaşımdır, onunla münasibətlərim normal olub. Aramızda ədavət və düşmənçilik yoxdur. Fərqanə ilə 2 ilə yaxındır ki, nikah münasibətindəyik, birgə münasibətlərimizdən övladım var”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü evə gələn zaman Fərqanənin evdə olmadığını görüb: “Evdən çıxaraq qaynanam Süsəngülün yaşadığı evə getdim. Çünki Fərqanə orada olduğumu bilmişəm. Ora çataraq Fərqanəyə hazırlaşmasını və evə gedəcəyimizi bildirdim. Fərqanə bir qədər etiraz etdikdən sonra mənimlə birlikdə evə qayıtdı. Həmin ərəfələrdə Fərqanə anası Süsənin təkidləri ilə mənimlə boşanmaq istədi. Mən isə ailəmin dağılmağını istəməmişəm. Buna görə də evdə olan zaman Fərqanə ilə söhbət etmək qərarına gəldim. Fərqanəni evin digər otağına çağırdığı zaman o, zalda danışmaq istədiyini bildirdi. Ona uşaqların yanında danışmaq istəmədiyimi bildirdim və qolundan tutaraq digər otağa aparmaq istədim. Fərqanə məni itələyərək geri çəkildi. Mən əsəbiləşərək əlim ilə onun üzündən bir dəfə zərbə endirdim. Zərbənin təsirindən Fərqanə özünü itirərək yerə yıxıldı. Bundan sonra sakitləşərək ondan aralandım”.

İş üzrə zərərçəkmiş Fərqanənin sözlərinə görə, Qulu ilə münasibətləri yolunda olmadığından ayrılmaq qərarına gəlib: “Bu barədə Quluya bildirdim. O, qəti olaraq etiraz etdi. Bununla bağlı aramızda mütəmadi olaraq mübahisələr olubş Hətta bir dəfə Qulu anamı döyüb. Bununla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma da aparılıb”.

Zərərçəkmiş qeyd edib ki, fevralın 13-də, saat təxminən 20 radələrində yaşadığı evdə olan zaman Qulu ilə aralarında yenə mübahisə yaranıb: “Mübahisənin səbəbi isə mənim nikahın pozulması barədə məhkəməyə etdiyi müraciətim olubş Mübahisə zamanı Qulu yaxınlaşaraq saçımdan yapışıb, ünvanıma təhqiramiz ifadələr işlədərək başımı divara vurub. Zərbənin təsirindən müvazinətimi itirərək yerə yıxılmışam. Yerdə olan zaman Qulu bədənimin müxtəlif nahiyyələrinə təpiklə çoxsaylı zərbələr endirib. Mən yerdə olduğum zaman Qulu əlində bıçaqla mənə yaxınlaşıb və bıçaqla sağ qulaq nahiyyəmdən bir neçə dəfə zərbə endimb. Həmçinin məni ölümlə hədələyərək ərizəmi geri götürməyimi tələb etdi. Həmin vaxtı mənim birinci nikahımdan olan 11 yaşlı qızım Gülanə araya girdi və Quluya yalvararaq məndən əl çəkməsini xahiş etdi. Mən isə ağlayaraq qorxumdan ərizəmi geri götürəcəyimi bildirdim. Bundan sonra Qulu sakitləşərək məndən əl çəkdi. Həmin vaxt bacım və anam içəri girdilər. Məni o halda görərək dərhal təcili tibbi yardıma zəng etdilər. Az sonra təcili tibbi yardım avtomobili gələrək məni xəstəxanaya gətirdilər. Xəstəxanada isə mənə tibbi yardım göstərildi”.

Göygöl Rayon Məhkəməsinin hökmü ilə Qulu aylıq qazancından dövlət nəfinə 15 faiz məbləğdə pul tutulmaqla 8 ay 22 gün müddətinə islah işləri cəzasına məhkum edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova