Gündəm Özəl

"Saxta hüquqi xidmət adı altında vətəndaşlar aldadılır" — AÇIQLAMA

Saxta hüquqi xidmət adı altında vətəndaşlar aldadılır — AÇIQLAMA

"Sosial şəbəkələrdə “hüquq mərkəzi”, “hüquqi yardım”, “hüquq xidməti” kimi adlar altında fəaliyyət göstərib vətəndaşlarımaldadan şəxslər var. Onlar vətəndaşlara bildirirlər ki, guya hüquqi məsələləri qeyri-rəsmi yollarla həll edə bilərlər və bu məqsədlə müxtəlif kart hesablarına 1000, 1500, 2000 manat və daha artıq məbləğlərin köçürülməsini tələb edirlər. Qarşılığında isə təzminat alınacağı, işin qısa müddətdə həll olunacağı vəd edilir".

Bu sözləri Demokrat.az-a açıqlamasında vəkil Turan Abdullazadə deyib.

"Bir müddət sonra vətəndaş anlayır ki, heç bir real iş görülməyib və aldadılıb. Pulunu geri tələb etdikdə isə həmin şəxslər təhdid və hədə-qorxuya başlayır, şikayət edəcəklərini bildirir, nalayiq ifadələr işlədirlər. Yadda saxlamaq lazımdır ki, Vəkillər Kollegiyasının üzvü olan vəkillər elektron müqavilə bağlamadan və vəkil orderi olmadan heç kimdən ödəniş almırlar".

Vəkil deyib ki, vətəndaşlar da müqavilə bağlamadan, vəkil vəsiqəsi tələb etmədən və həmin şəxsin kimliyi barədə araşdırma aparmadan pul ödəməməlidirlər:

"Vəkillər Kollegiyasının rəsmi internet səhifəsində vəkillərin reyestri mövcuddur. Özünü vəkil kimi təqdim edən şəxsin ad və soyadını daxil etməklə onun həqiqətən vəkil olub-olmadığını yoxlamaq mümkündür. Diqqətli olun. Bu cür şəxslər özlərini hüquqşünas kimi təqdim edərək vətəndaşları aldadırlar. Aldadılanlar arasında tanınmış şəxslər də var. Buna görə də hər kəs son dərəcə ehtiyatlı olmalıdır".

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova