Kriminal Özəl

28 yaşlı oğlan atası ilə dalaşan həmkəndlisinə xəsarət yetirdi

28 yaşlı oğlan atası ilə dalaşan həmkəndlisinə xəsarət yetirdi

Ağsu rayonunda qonşular arasında yaşanan mübahisə sonda cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 2025-ci ilin iyunun 15-də rayonun Bəyimli kəndində baş verib. Kənd sakini, 1997-ci il təvəllüdlü Vəli həmin gün, saat 11:30-da yaşadığı kənddə yerləşən, kənd sakinləri tərəfindən “Torpaqqala” adlanan yerdə sərxoş vəziyyətdə olarkən, həmkəndlisi İsmətlə görüşüb.

Bu zaman Vəli İsmətə saxladığı heyvanlarının ona məxsus əkin sahəsinə daxil olduğunu bildirib və onunla mübahisə edib. Bu vaxt həmin yerə İsmətin oğlu Vüqar (adlar şərtidir – red.) gəlib.

Vüqar Vəlidən atası ilə niyə mübahisə etdiyini soruşub. Həmçinin əkin sahəsinə onlara məxsus heyvanlar zərər veribsə, ziyanını ödəyəcəyini bildirib.

Lakin həmin vaxt Vəli Vüqara məxsus taxıl sahəsinə daxil olan heyvan sahibinin ünvanına nalayiq ifadələr işlədib və təhqir etdiyindən,onlar arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib.

Mübahisə zamanı Vüqar yumruqla Vəlinin sifət nahiyəsinə vurub və ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Hadisəni törədən Vüqarın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Bu cinayət işinə Ağsu Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Bu səbəbdən də zərərçəkmiş ona qarşı şikayətini geri götürüb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova