Sosial Özəl

ƏDV ilə bağlı dəyişiklik: Məhsulların qiyməti azalacaqmı? — AÇIQLAMA

ƏDV ilə bağlı dəyişiklik: Məhsulların qiyməti azalacaqmı? — AÇIQLAMA

"Yeni qərarın əsas məqsədi mikrosahibkarlıq subyektlərinin fəaliyyətində qeyri-formal hissənin azaldılması və nağdsız dövriyyənin genişləndirilməsinə yönəlib. Burada vergi yükünün optimallaşdırılması yolu ilə müvafiq təşəbbüsün təşviqi nəzərdə tutulur. Qanunun tətbiqi ilə mikrosahibkarlıq subyektlərinin dövriyyəsində vergi yükü təxminən iki dəfə azaldıla bilər. Bu şərtlər daxilində mikrosahibkarlıq subyektlərinin fəaliyyəti və nağdsız ödənişlərə göstərdikləri müqavimət nisbətən zəifləyəcəkdir".

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı Rəşad Həsənov deyib.

O bildirib ki, sahibkarlar nağdsız ödənişləri daha rahat şəkildə qəbul edəcəklər:

"Təcrübə göstərir ki, bir çox hallarda mikrosahibkarlıq subyektləri müəyyən edilmiş limitləri keçməmək məqsədi ilə nağdsız ödənişləri gündəlik, həftəlik, bəzən aylıq limitlər çərçivəsində qəbul edirlər. Sonradan müxtəlif bəhanələrlə ödənişlərin nağdsız şəkildə qəbul edilməsindən yayınaraq dövriyyənin qeyri-formallığını təmin edirlər. Bu isə istehlakçıların hüquqlarının pozulması baxımından müəyyən problemlər yaradır".

Ekspert qeyd edib ki, limitin artırılması bu istiqamətdə müqaviməti zəiflədəcək:

"Bundan əlavə, əlavə dəyər vergisi ödəyicisi olaraq qeydiyyata düşmənin yaratdığı bir sıra xərclərdən azad olmaq mümkün olacaq. Məsələn, müəyyən kateqoriya və dövriyyədə 400 000 manatdan aşağı dövriyyəsi olan sahibkarlıq subyektləri həm inzibati xərclərdən, həm də mühasibatlıq və hesabatlıq xərclərindən azad ola bilərlər. Bu da müəyyən mənada vericilər üçün xərclərin azaldılması istiqamətində şərait yaradır".

Onun sözlərinə görə, qiymətlərin ucuzlaşması məsələsinə gəldikdə, bu baş verməyəcək:

"Hazırkı şərtlər daxilində xüsusilə mikrosahibkarlıq subyektləri üçün ciddi çətinliklər mövcuddur. Nağdsız ödənişlərin qəbulunun yaratdığı əlavə xərclər hələ də qalacaq. Bunun əsas səbəbi ekvayer xidmətini təqdim edən bankların tətbiq etdiyi şərtlərdir. Banklar dövriyyəyə münasibətdə müxtəlif komisiyalar tətbiq edir, POS-terminalların xidmət xərcləri yüksəkdir və bir sıra əlavə xərclər yaranır".

Onun sözlərinə görə, müvafiq istiqamətdə xərclərin optimallaşdırılması mümkün olsa da, artan nağdsız dövriyyənin özünün yaratdığı əlavə xərclər qalır ki, buna ekvayer xidmət xərclərini də aid etmək olar:

"Nəticədə, qənaətim belədir ki, müvafiq qərar digər sahələrdə daha çox nəticələrin əldə edilməsinə səbəb olacaq. Formal iqtisadi fəaliyyət dövriyyəsi genişlənəcək, nağdsız ödənişlərin dövriyyəsi artacaq və bu istiqamətdə müqavimət zəifləyəcək. Lakin qiymət artımı istiqamətində ciddi nəticələr gözlənilmir".

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova