Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində 2025-ci ilin yekunlarına Azərbaycan Respublikasının Prezidenti tərəfindən Qiymətləndirmə fəaliyyəti haqqında Qanunun təsdiqinin ildönümünə həsr olunmuş rəsmi tədbir keçirilib.
Demokrat.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) təşkilatçılığı ilə 2025-ci il üzrə Yekun Hesabatın təqdimatı, 30 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən Qiymətləndirmə fəaliyyəti haqqında Qanunun təsdiqi, Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş rəsmi və bayram tədbiri keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, peşəkar qiymətləndiricilər, media təmsilçiləri və özəl sektor nümayəndələri iştirak ediblər.
Tədbirin rəsmi açılışında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəaliyyəti, 2025-ci il ərzində görülən işlər, həyata keçirilən institusional islahatlar və peşəkar inkişaf istiqamətləri vurğulanıb. Qeyd olunub ki, 2025-ci il AQC üçün təkcə fəaliyyət ili deyil, eyni zamanda qiymətləndirmə institutunun möhkəmləndirilməsi, beynəlxalq standartlara uyğunlaşma və peşəkar həmrəyliyin gücləndirilməsi baxımından əlamətdar mərhələ olub.
Tədbirdə çıxış edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, Cəmiyyətin əsas məqsədi ölkədə qiymətləndirmə fəaliyyətinin şəffaflığının artırılması, peşəkar kadr potensialının gücləndirilməsi və iqtisadi qərarların qəbulunda qiymətləndirmə institutunun rolunun daha da möhkəmləndirilməsidir. O, AQC-nin dövlət qurumları, parlament üzvləri və özəl sektorla əməkdaşlığının genişləndirildiyini, bu istiqamətdə ardıcıl və sistemli işlərin görüldüyünü diqqətə çatdırıb.




Millət vəkilləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin qanunvericilik təşəbbüslərinə verdiyi töhfələr, normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində apardığı müzakirələr xüsusilə vurğulanıb, yeni qanunun qəbulunda, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ixtisas imtahanlarının sual bankının təşkilində, qiymətləndirmə sektorunun inkişafında rolunun əhəmiyyəti qeyd edilib.


Tədbir çərçivəsində 2025-ci il üzrə videoçarx formatında yekun hesabat təqdim olunub. Hesabatda il ərzində həyata keçirilən layihələr, beynəlxalq əməkdaşlıqlar, təlim və seminarlar, regionlarda qiymətləndirmə xidmətlərinin əlçatanlığının artırılması istiqamətində görülən işlər ətraflı şəkildə əks olunub.
Rəsmi hissənin davamında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəaliyyətində fəallığı ilə seçilən üzvlərə, eləcə də Cəmiyyətin təşəbbüslərinin ictimaiyyətə çatdırılmasında mühüm rol oynayan media nümayəndələrinə təşəkkürnamələr təqdim edilib.
Tədbirin təşkilində və yüksək səviyyədə keçirilməsində dəstək göstərən VECON Consulting MMC, Fame Pro, Expert Audit MMC, International Price Center, Baku Property Services və Azer Business Consulting şirkətlərinə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti adından xüsusi təşəkkür ifadə olunub.
Rəsmi hissədən sonra tədbir bayram proqramı ilə davam edib, Yeni İl və Dünya Azərbaycanlılarının Milli Həmrəylik Günü münasibətilə iştirakçılara xoş arzular çatdırılıb və hədiyyələr təqdim edilib.


