"Azərbaycanda robot taksilərin fəaliyyət göstərməsi üçün ən vacib amillərdən biri infrastrukturun mövcudluğudur. Bu, həm böyük layihə, həm də yüksək xərc tələb edən bir prosesdir. İkinci önəmli məsələ texnologiyanın inteqrasiyası və inkişafıdır. Əgər infrastruktur və texnoloji inteqrasiya təmin olunarsa, Bakı şəhərində belə bir sistemin gələcəkdə səmərəli işləməsi mümkündür".
Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.
O, bildirib ki, “dünya dövlətlərində varsa, bizdə niyə olmasın?” prinsipinə əsaslanaraq qeyd etmək olar ki, inkişaf etmiş ölkələrin bir çoxunda sürücüsüz avtomobillər və robot taksilər artıq test mərhələsindən çıxaraq istismara verilib:
"Bu təcrübənin ölkəmizə gətirilməsi texnoloji yeniliklərin tətbiqinin əsas başlanğıcı sayılır. Azərbaycanda istənilən texnoloji yeniliyə hazır olmaq vacibdir, xüsusən Bakı şəhərinin müxtəlif ərazilərində. Robot taksilər və digər sürücüsüz nəqliyyat vasitələrinin istismarı zamanı texnoloji yeniliklərə cavab verilməsi məqsədəuyğundur. Bu, nəqliyyat vasitələrinin ərazi üzrə rentabelliyi, istismar xüsusiyyətləri və problemli halların həllini tənzimləmək baxımından mühüm rol oynayır".
Ekspert bildirib ki, robot taksilərin uğurlu fəaliyyətinə həm infrastruktur, həm də texnoloji hazırlıq şərtdir və bu sahədəki yeniliklər ölkəmizdə nəqliyyat sisteminin inkişafına töhfə verə bilər.
Əfsanə Kamal Demokrat.az


