Bakının Xəzər rayonunda 1993-cü il təvəllüdlü Adil Bağırov tanışı Eldar Babayevə (ad-soyad şərtidir – red.) qarşı dələduzluq edib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, o, pulunu hissə-hissə ödəmək şərti ilə cəmi 2960 manat müqabilində “Asus” modelli noutbuk satacağına dair yalan vəd verib və aldatma yolu ilə ondan həmin məbləği alaraq ələ keçirib.
Hadisəni törədən Bağırovun barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Bağırov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Eldarı ortaq tanışları vasitəsi ilə təxminən 4-5 il əvvəl tanıyıb: “Bu müddət ərzində münasibətlərimiz normal olub. Mən əvvəllər ticarət ilə məşğul olmuşam, həmin ticarət işlərimdə həmçinin elektronika məhsulları da satmışam. Bu barədə məni tanıyan şəxslərin bir çoxunun məlumatı olub. Həmin şəxslərdən biri də Eldardır. O, məndən “Lenovo” markalı noutbuk satmağımı istədi. Mən də ona həmin markalı və onun istədiyi parametrləri olan noutbuku 2960 manata sata biləcəyimi dedim. Eldar da mənimlə razılaşdı. Mən Eldarın noutbukun pulunu ödəməsi üçün istifadəmdə olan bank kartın nömrəsini göndərdim. Ona hansı tarixlərdə və hansı məbləğlərdə pulun karta atılmasını tam xatırlamıram. Lakin zərərçəkmiş şəxs tərəfindən kartıma müəyyən vaxtlarda, müəyyən məbləğlərdə pul köçürülüb. Ümumilikdə kartıma 2960 manat pul köçürülüb. Mən kart hesabıma göndərilən pulları öz şəxsi ehtiyaclarım üçün xərcləmişəm. Sonra isə şəxsi həyatımda olan çətinliklərə görə onun pulunu geri qaytara bilməmişəm”.
Xəzər Rayon Məhkəməsinin hökmü ilə Bağırov 1 il 7 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin yaşadığı ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsi qadağan olunub.
Hökmə əsasən onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək tapşırılıb.
Bundan əlavə, təqsirləndirilən şəxsə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməsi qadağan edilib. Ona məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi vəzifəsi tapşırılıb.
Bundan başqa, Bağırovun barəsində 2023-cü il tarixli Sabunçu Rayon Məhkəməsi tərəfindən təyin edilmiş 1000 manat məbləğində cərimə cəzasının icra olunmamış hissəsi, yəni 600 manat cərimə cəzası hazırkı hökmlə birləşdirilib.
Bağırovun barəsində qəti olaraq 1 il 7 ay müddətinə azadlığın məhdudlaşdırılması və 600 manat cərimə cəzası saxlanılıb. Təqsirləndirilən şəxs tərəfindən 600 manat cərimə cəzası müstəqil icra edilməsi barədə hökm verilib.
Qeyd edək ki, Bağırov 2023-cü ildə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə mühakimə edilib.
Fariz Məlikli Demokrat.az


