Kriminal Özəl

Bərdədə 15 yaşlı qızla qeyri-rəsmi ailə həyatı quran gənc həbs edildi — TƏFƏRRÜAT

Bərdədə 15 yaşlı qızla qeyri-rəsmi ailə həyatı quran gənc həbs edildi — TƏFƏRRÜAT

Bərdə rayonunda 23 yaşlı oğlan yetkinlik yaşına çatmayan qızla ailə qurub və onunla intim münasibətdə olmaqda ittiham edilib.

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 19 aprel 2024-cü ildə baş verib. 2002-ci il təvəllüdlü Teymur 15 yaşlı Aydanla ailə qurmaq üçün toy məclisi edib, həmin gün axşam saatlarında qızını razılığı ilə onunla cinsi əlaqədə olub. Onların bu münasibəti 2025-ci ilədək davam edib.

Teymurun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Teymur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Ağdam rayonunda qeydiyyatda olub və Bərdə rayonunda yaşayır: “Rəsmi olaraq heç bir yerdə işləmirəm, fərdi əməklə məşğul olaraq ailəmi dolandıram. Aydanı təxminən, 2 ildir ki, tanıyıram. Onunla sahədə çalışan zamandan tanış olmuşam. Aydanın anası Xatirə qızının azyaşlı olmasına baxmayaraq, onu sahədə işlədirdi. Mən Aydanla tanış olduqdan sonra aramızda sevgi münasibəti oldu. Biz bir-birimizi sevdik. Aydan anası ilə yaşamaq istəmirdi. Anasının yaşadığı kişi Aydanı da incidirdi. Həm buna görə, həm də bir birimizi sevdiyimiz üçün 2024-cü ilin fevral ayında birlikdə, onun razılığı ilə mənim yaşadığım evə getdik. Həmin vaxtı elə polis şöbəsinə gedərək, bu barədə də izahat verdik”.

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra onlar Aydanın anası Xatirənin razılığı ilə 2024-cü ilin aprelin 19-da Bərdə şəhərində yerləşən “Qızıl Tac” şadlıq sarayında toy şənliyi keçiriblər: “Həmin gündən sonra mən Aydanla ər-arvad kimi yaşamağa başladım. Bizim aramızda heç bir problem olmayıb. Mən onunla xoşbəxt idim. Aydanın anası bizim xoşbəxt olmağımızı istəməyib. O, əvvəldə oğurluq etmək üstündə məhkumluğu olub. Həm də eyni zamanda hansısa kafedə işləyin və qızını da özü ilə işlətmək üçün bu formada barəmdə şikayət edib”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, Aydanın yaşını bilməyib və yaşı ilə maraqlanmayıb: “Ona elçi göndərməmişəm. Onu evlənmək niyyəti ilə aparan zaman azyaşlı olduğunu bilməmişəm. Aydanı aparan zaman özü ilə vəsiqəsini götürməyi tapşırmışam. Lakin o, vəsiqəsini götürməyib. Ona görə də onun yaşını bilməmişəm. Onunla qeyri-rəsmi evləndikdən sonra azyaşlı olmasını bilmişəm. Onun yaşı çatmadığı üçün rəsmi nikah bağlamaq üçün qeydiyyat şöbəsinə getməmişik. Ailəmin dağılmasını istəmirəm. Yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olmağın cinayət məsuliyyətinə səbəb olmasını Aydanla evləndikdən sonra bilmişəm”.

İş üzrə ifadə verən Aydanın anası Xatirənin sözlərinə görə, Bərdə şəhərində kafedə aşpaz kimi işləyir: “Qızım Aydan 2024-cü ilin fevral ayında Teymur ilə ailə həyatı qurmaq məqsədi ilə qaçmaq istəyib. Həmin vaxtda polis orqanlarına bildirmişəm və polislərin iştirakı ilə Teymur iltizam verərək qızımı qaçırmayacağını bildirib. Bundan sonra qızım özü onunla evlənmək üçün gedəcəyini bildirdi. Mən əvvəl razı olmasam da, qızım özünü öldürcəyini bildirdiyi üçün bununla razılaşdım. Qızım 2024-cü ilin fevral ayından Teymurla birlikdə yaşayır. Həmin ilin aprel ayının 19-da Bərdə şəhərində yerləşən şadlıq sarayında onların toy mərasimi keçirildi. Mən və oğlum da həmin toy mərasimində iştirak etdik. Həmin vaxtda qızım Teymurla birgə ailə həyatı yaşayıb”.

Zərərçəkmiş şəxsin anasının bildirdiyinə görə, sonuncu dəfə oğlu Ehtiram bacısıgilin evinə qonaq gedib və Aydanı onlara gətirmək istədiyini bildirib: Lakin Teymurun anası oğluma deyib ki, anan barda işləyir, gəlmisən ki, qızı ananın işlədiyi yerə aparasan. Mən də bundan sonra qızımın alınaraq mənə verilməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə müraciət etdim. Mənim izahatım alındı. Qızımın azyaşlı olmasını və Teymurla cinsi əlaqədə olmasını nəzərə alaraq, onun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etdim”.

İş üzrə ifadə verən zərərçəkmiş Aydanın sözlərinə görə, Teymurla sahədə olan zaman tanış olub və onlar bir-birilərini seviblər: “Bundan sonra anam ilə aramızda olan münasibətlərə görə, həm də Teymurla bir-birimizi sevdiyimiz üçün qoşularaq qaçdıq. Daha sonra isə anamın yanına getdim və anamın razılığı ilə ailə həyatı qurduq. Biz bundan sonra ər-arvad kimi yaşamağa başladıq. Bizim münasibətlərimiz daim yaxşı olub. Teymuru sevirəm və öz istəyim ilə onunla münasibətdə olmuşam. Mənim Teymur barədə heç bir şikayətim yoxdur”.

Bərdə Rayon Məhkəməsinin hökmü ilə Teymur 1 il müddətə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə iclas zalından həbs edilib.

Hökmə əsasən təqsirləndirilən şəxsin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli 17 noyabr 2025-ci ildə hesablanması qərara alınıb.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova