“Son dövrlər ürək mənşəli qəfil ölümlərin artması tək bir səbəblə izah olunmur, bu, bir neçə ciddi risk faktorunun üst-üstə düşməsi ilə bağlıdır. İlk növbədə, xroniki stress və psixoloji gərginlik çox ciddi rol oynayır”.
Bunu kardioloq Şəhanə Ələsgər Demokrat.az-a açıqlamasında deyib.
O bildirib ki, davamlı sinir gərginliyi, qorxu və emosional yüklənmə ürək ritm pozğunluqlarını və qəfil infarkt riskini artırır: “Digər mühüm səbəb gizli ürək xəstəliklərinin vaxtında aşkarlanmamasıdır. Xüsusilə gənclərdə doğuşdan olan ritm pozğunluqları və ya ürək əzələsinin anadangəlmə problemləri bəzən heç bir əlamət vermir. Bura sağlam həyat tərzinin pozulması aiddir. Hərəkətsizlik, siqaret, enerji içkiləri və düzgün olmayan qidalanma ürəyi zəiflədir. Gənclər arasında enerji içkilərinin və stimullaşdırıcı maddələrin istifadəsi ürək ritmini qəfil poza bilər. Bundan başqa, yuxusuzluq və həddindən artıq fiziki və zehni yüklənmə də risk yaradır”.
O qeyd edib ki, bir çox insan təzyiqini, nəbzini və xolesterin səviyyəsini illərlə yoxlatdırmır:
“İnfarkt və ya qəfil ürək dayanması bəzən məhz bu laqeydliyin nəticəsi olur. Müəllimlər kimi emosional yüklənməsi yüksək olan peşələrdə risk daha da artır. Avtomobildə və ya sinifdə baş verən qəfil ölümlər çox vaxt aritmiya və ya kəskin infarktla əlaqəli olur. Ən təhlükəlisi isə odur ki, bu hallar bəzən heç bir əvvəlcədən xəbərdarlıq etmədən baş verir. Ona görə də profilaktik müayinələr, stressin idarə olunması və ürəyə laqeyd yanaşmamaq bu ölümlərin azalmasında həlledici rol oynayır”.
Leyla Turan Demokrat.az


