"Ümumiyyətlə, bu hallarda dövlətin təzminat ödəmək öhdəliyi yoxdur. Dövlət qanunvericiliyə əsasən belə bir məsuliyyət daşımır. Azərbaycanda mənzillərin və fərdi yaşayış evlərinin icbari sığortası haqqında qanun mövcuddur və hər kəs öz evini və ya mənzilini sığortalatmalıdır. Bu sığorta məhz yanğın və digər bu kimi halları əhatə edir. Lakin əksər hallarda vətəndaşlar bu tələbi yerinə yetirmirlər".
Bu sözləri Demokrat.az-a açıqlamasında tanınmış vəkil Əkrəm Həsənov deyib.
O bildirib ki, hadisə baş verdikdən sonra ev yanır, sığorta olmadığı halda isə dövlətin kompensasiya verməsi tələb olunur:
"Halbuki dövlət bu vəsaiti vətəndaşların ödədiyi büdcə hesabına formalaşdırır. Bir daha vurğulanmalıdır ki, dövlətin bu istiqamətdə hüquqi öhdəliyi yoxdur. Məsələni məhz buradan başlamaq lazımdır. Sığortanın məbləğinin az olması ayrıca müzakirə oluna bilər, lakin bu, dövlətin təzminat ödəmək öhdəliyini yaratmır. Nəticə etibarilə, hər kəs mənzilini və ya evini icbari qaydada sığortalatmalıdır.
Əks halda, belə hadisə baş verdikdə heç kimdən şikayət etmək üçün hüquqi əsas qalmır".
Qeyd edək ki, Yasamalda çoxmərtəbəli binada baş vermiş yanğından zərərçəkənlərə dövlət büdcəsinin Ehtiyat Fondundan ümumilikdə 100 min 800 manat məbləğində vəsait ayrılıb.
Əfsanə Kamal Demokrat.az


