Təhlil Özəl

“Azərbaycan–BƏƏ münasibətləri regional sabitlik və investisiya imkanlarını gücləndirir”

“Azərbaycan–BƏƏ münasibətləri regional sabitlik və investisiya imkanlarını gücləndirir”

“Azərbaycan ilə BƏƏ arasında münasibətlərin son illər dərinləşməsi iki ölkənin strateji baxışlarının üst-üstə düşdüyünü göstərir. Siyasi dialoq yüksək səviyyədədir və qarşılıqlı səfərlər bu əlaqələrin institusional xarakter aldığını təsdiqləyir”.

Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.

O bikdirib ki, BƏƏ Azərbaycanın regional sabitlik və enerji təhlükəsizliyi sahəsində artan rolunu diqqətlə izləyir:

“Azərbaycan isə Körfəz ölkələri ilə əlaqələrin şaxələndirilməsinə xüsusi önəm verir. Ticarət dövriyyəsinin 2024-cü ildə 96,8 milyon dollara çatması müsbət dinamikanı göstərsə də, bu rəqəm iki ölkənin real iqtisadi potensialına uyğun deyil. Xüsusilə enerji, bərpaolunan enerji mənbələri, logistika, kənd təsərrüfatı və turizm sahələrində imkanlar hələ tam reallaşdırılmayıb. BƏƏ-nin iri investisiya fondları Azərbaycan iqtisadiyyatı üçün mühüm maliyyə mənbəyi ola bilər”.

Onun sözlərinə görə, Azərbaycanın tranzit və nəqliyyat imkanları BƏƏ üçün Avrasiya bazarlarına çıxış baxımından cəlbedicidir:

“Siyasi etimadın yüksək olması iqtisadi əməkdaşlığın genişlənməsi üçün əlverişli zəmin yaradır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq layihələri də BƏƏ investorları üçün yeni perspektivlər açır.

Gələcək mərhələdə tərəflər arasında azad ticarət mexanizmləri və birgə investisiya platformalarının yaradılması gündəmə gələ bilər. Bütün bunlar göstərir ki, Azərbaycan–BƏƏ münasibətləri hələ öz inkişaf potensialının başlanğıc mərhələsindədir”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova