Gədəbəy rayonunda 25 yaşlı oğlan anasını təhqir edən arvadına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 29 iyul 2025-ci ildə rayonun kəndlərindən birində baş verib. 2000-ci il təvəllüdlü Əfqan həmin gün saat 16 radələrində yaşadıqları fərdi yaşayış evində anası Südabəyə arvadı Samirənin (adlar şərtidir – red.) cavab qaytarması və üzünə tüpürməsi üstündə mübahisə edib.
Aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə və münaqişə zamanı Samirənin baş, sifət və bədəninin müxtəlif nahiyyələrinə vurub.
Hadisəni törədən Əfqanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxs arvadı olmaqla 4 ildir evlidirlər və bir yaşlı oğulları var: “İyulun 29-da, saat 16 radələrində yaşadığımız evdə olan zaman arvadım Samirə ilə anamın arasında mübahisə yarandı. Mübahisənin səbəbi Samirənin qabları yumaması olub. Onlara yaxınlaşaraq sakit olmalarını tələb etdim. Lakin Samirə sözümə qulaq asmadı, bundan sonra həyətə siqaret çəkməyə çıxdım. Bir neçə dəqiqə sonra arvadım ilə anamın səslərini eşitdim. Onlar yenə də mübahisəyə davam etdilər. Mübahisə zamanı Samirə anamın üzünə tüpürdüyü üçün əsəbləşdim və əlim ilə bir neçə dəfə onu vurdum. Əməlimdən peşmanam, arvadımdan üzrxahlıq etmişəm”.
Bu işə Gədəbəy Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də zərərçəkən şikayətini geri götürüb.
Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət işinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


