Gündəm Özəl

Politoloq: “Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsas alternativlərdən birinə çevrilir”

Politoloq: “Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsas alternativlərdən birinə çevrilir”

"Hazırkı mərhələdə Azərbaycan Avropanın enerji siyasətində mühüm rol oynayır. Rusiya–Ukrayna müharibəsi Avropanın Rusiyadan enerji asılılığının nə qədər riskli olduğunu açıq şəkildə ortaya qoydu və enerji məsələsinin artıq təkcə iqtisadi deyil, həm də təhlükəsizlik problemi olduğunu göstərdi. Bu reallıq fonunda Avropa İttifaqı alternativ enerji mənbələrinə malik ölkələrə yönəldi və Azərbaycan bu siyahıda xüsusi yer tutdu".

Bunu Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.

O, bildirib ki, Azərbaycan uzun illərdir TANAP və TAP layihələri vasitəsilə Avropaya, xüsusilə Balkan ölkələrinə təbii qaz nəql edir:

"Bu layihələrin əhəmiyyəti ondadır ki, onlar Azərbaycanın torpaqlarının bir hissəsi işğal altında olduğu dövrdə belə reallaşdırılıb. Müharibə və yüksək daxili xərclərə baxmayaraq, Azərbaycan Avropa üçün etibarlı enerji tərəfdaşı olduğunu sübut edib və bu səbəbdən Brüssellə aparılan danışıqlarda qaz tədarükünün artırılması gündəmə gəlib".

Politoloq bildirib ki, hazırda Azərbaycan Rusiyanın qaz tədarükünü tam əvəzləyə biləcək səviyyədə olmasa da, mövcud asılılığın azalmasında real rol oynaya bilər:

"Bu məqsədlə ölkə həm daxili enerji potensialını artırır, həm də boru kəmərlərinin ötürücülük qabiliyyətinin genişləndirilməsi üzərində işləyir. Paralel olaraq Mərkəzi Asiya, eləcə də Yaxın Şərq ölkələri ilə əməkdaşlıq imkanları nəzərdən keçirilir ki, bu mənbələr də gələcəkdə TANAP–TAP xəttinə qoşula bilsin".

Onun sözlərinə görə, eyni zamanda Azərbaycan regionda nəqliyyat və kommunikasiya xətlərinin formalaşmasında açar rol oynayır və yeni dövrün enerji trendlərinə uyğun olaraq yaşıl enerji layihələrinə də fokuslanır:

"Gələcəkdə Avropaya yaşıl enerjinin nəqli planları ölkənin enerji strategiyasını daha da gücləndirir. Bütün bunlar Azərbaycanın Avropa üçün etibarlı, sabit və alternativ enerji təchizatçısı mövqeyini möhkəmləndirir".

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova