“Son aylarda dəm qazından zəhərlənmə hallarının artması bir neçə ciddi səbəbdən qaynaqlanır. İlk növbədə, qışa yaxınlaşdıqca evlərdə qızdırıcı cihazlardan intensiv istifadə olunur və bu, nasaz və köhnə avadanlıqların riskini daha da yüksəldir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib.
O deyib ki, texniki baxışdan vaxtında keçirilməyən soba, kombi və qızdırıcılar yanma prosesində oksigeni tam istifadə edə bilmir:
“Nəticədə təhlükəli miqdarda dəm qazı yaranır. Havalandırması zəif olan evlərdə isə bu qaz sürətlə toplanaraq qısa müddətdə həyati təhlükə yaradır. Bir çox ailələr soyuq havalarda pəncərələri tam bağlı saxladığı üçün otaqda hava dövranı minimuma enir. Bu da kiçik nasazlığın belə böyük zəhərlənmə riskinə çevrilməsinə səbəb olur. Bəzi hallarda ucuz və keyfiyyətsiz qaz cihazlarından istifadə, standartlara uyğun olmayan baca sistemləri və qeyri-peşəkar quraşdırma işləri də faciəvi nəticələr yaradır. Xüsusilə çoxmərtəbəli binalarda ümumi bacaların tıxanması və ya düzgün təmizlənməməsi riskləri ikiqat artırır. Bu artımın qarşısını almaq üçün hər bir evdə havalandırmanın təmin olunması, cihazların illik texniki baxışdan keçirilməsi və yalnız sertifikatlı ustalarla işlənməsi mütləqdir”.
Leyla Turan Demokrat.az


