“Başlıqlar görürəm ki, deyirlər, Qarabağ məsələsi həll olunmayıb. Ermənistanda haradasa hansısa müzakirələr gedir və indi bunu azərbaycanlılar da görür”.
Ordu.az xəbər verir ki, bunu Hamburqda erməni jurnalistlərlə görüşündə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
“Onlar eşidirlər ki, bizim müxalifət deyir: Ermənistanda guya repressiyalar var, diktaturadır. Azərbaycan isə deyir: bir dəqiqə, əgər bu qədər diktaturadırsa, onda hökumət bu məsələləri niyə qadağan etmir? Deməli, gizli gündəmləri var. Deməli, bir tərəfdən deyirlər “Qarabağ hərəkatı”nı (erməni separatizmi-red.) bitirin, digər tərəfdən deyirlər gedin müzakirə edin.
Məsələ ikitərəfli həll olunmalıdır və biz xalqlarımıza sakit yaşamaq imkanı yaratmalıyıq. Qarabağ məsələsi həll olunmayıb demək nə deməkdir? O insanlar mənə deyirlər: aparın, 7000 gəncin həyatını itirmisiniz. Əgər Qarabağ məsələsi həll olunmayıbsa, nə təklif edirsiniz? Qarabağ məsələsinin davamı yeni müharibə, yeni qurbanlar, yeni əzablar, yeni blokadalar deməkdir, bütün bunların da nəticələri olduqca ağır ola bilər”, - deyə Paşinyan qeyd edib.
Onun sözlərinə görə, kim Qarabağ məsələsinin həll olunmadığını deyirsə, o adam deyir ki, Ermənistan yenidən müharibə etməlidir.
“Onlar Ermənistanda yeni müharibə istəyən qüvvələr olduğunu deyəndə, Azərbaycan da deyir ki, o zaman biz hərbi büdcəni artırmalıyıq, Qərbi Azərbaycan diskursunu gündəmə gətirməliyik. Yəni bunları doğrudanmı bu qədər detallı izah etməliyəm? Mən bu cür izahatlardan çəkinirdim, amma hər şey barədə açıq danışmalıyıq ki, insanlar mövzunu anlasın.
Kim deyirsə ki, Qarabağ məsələsi həll olunmayıb, o, yeni müharibə lazım olduğunu deyir. Bu, sadəcə proqnoz deyil, konkret şəkildə deyirlər ki, yeni müharibə lazımdır.
Digər tərəfdən deyirlər ki, Qarabağı verdiniz, qurbanlar oldu. Bu nə deməkdir? O deməkdir ki, biz bu ideyaya o qədər bağlı olmuşuq ki, Qarabağ naminə hər şey etmişik, amma bu yolda gözümüz açılıb və əvvəllər anlamadığımız çox şeyi anlamağa başlamışıq.
Biz son nəticədə anlamalıyıq ki, nəyi düzgün etmirik ki, daima fəlakətlərin, mübarizələrin, “qırğınların və soyqırımı”ların içindən keçirik. İndi biz, bəli, qurbanlarımızın həyatı bahasına taleyimizi dəyişmək üçün bir şans əldə etmişik.
Sülh təmin olunub, Qarabağ məsələsi həll olunub, bütün məsələlər həll olunub, Azərbaycanın məsələsi də, Ermənistanın məsələsi də, regionun məsələsi də, nəqliyyat dəhlizləri ilə bağlı məsələlər də, sərhədlərin delimitasiyası ilə bağlı məsələlər də həll olunub. Bizə yalnız həmin həllərin çərçivəsində qalmaq və təxribatçı ritorikaya uymamaq qalır”, - deyə Paşinyan sözlərini yekunlaşdırıb.


