Hadisə Özəl

Qubada ər arvadını döydü

Qubada ər arvadını döydü

Quba rayonunda 1994-cü il təvəllüdlü Tural ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Günaya (adlar şərtidir – red.) xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin sentyabrın 26-da rayonun 2-ci Nügədi kəndində baş verib.

Kənd sakini Tural həmin gün saat 20 radələrində yaşadıqları evdə aralarında ailədaxili münasibətlər zəminində yaranmış mübahisə zamanı arvadının döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən Turalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Tural ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O, ifadəsində göstərib ki, Günay ilə 2022-ci ildə ailə həyatı qurub:

“Bu evlilikdən bizim bir övladımız dünyaya gəlib. Sentyabrın 26-da, saat 20 radələrində yaşadığımız evdə arvadımla aramızda söz mübahisəsi baş verdi. Mübahisə zamanı əsəbləşərək onun üz və bədəninin müxtəlif nahiyyəsindən yumruqla vurdum. Sonra evdən getdim”.

İş üzrə zərərçəkmiş Günayın sözlərinə görə, əri Tural ilə evliklərinin ilk vaxtlar münasibətləri normal olsa da, təxminən 5-6 aydır ki aralarında tez-tez ailədaxili mübahisə və münaqişələr baş verib:

“Hadisə günü saat 20 radələrində yaşadığımız evdə ərimlə aramızda mübahisə baş verdi. Mübahisə zamanı ərim yumruqla üz nahiyyəmdən və bədəninin müxtəlif nahiyyələrindən vuraraq mənə xəsarət yetirdi. Növbəti gün valideynlərim məni yaşadıqları evlərinə apardı. Mən iki gün ərimin məndən gələrək üzr istəməsini gözlədim. Amma üzr istəmədiyinə görə Quba Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etdim”.

Bu işə Quba Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Buna görə də zərərçəkən ona qarşı şikayətini geri götürüb.

Məhkəmənin hökmü ilə Turalın barəsində olan cinayət işi icraata xitam verilib.

O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az