Sosial

"İcra hakimiyyətləri bələdiyyələrə maşının 5-ci təkəri qismində baxır" – EKSPERTDƏN AÇIQLAMA

İcra hakimiyyətləri bələdiyyələrə maşının 5-ci təkəri qismində baxır – EKSPERTDƏN AÇIQLAMA

"Azərbaycan Türkiyədə olduğu kimi, valilik sisteminə keçməlidir. Belə olsa bələdiyyə seçkilərinə də maraq yaranacaq”.

Demokrat.azxəbər verir ki, bu sözləri Sfera.az-a açıqlamasında Ağstafa rayon icra hakimiyyəti başçısının həbsi fonunda yerli icra orqanlarının ləğv olunaraq, sələhiyyətlərinin bələdiyyələrə verilməsi məsələsinə toxunarkən politoloq Cümşüd Nuriyev deyib:

"Qanunvericiliyə görə, bələdiyyələr icra hakimiyyəti orqanlarını əvəz etməlidir. Amma 20 ildir Azərbaycanda bələdiyyə institutu mövcud olsa da, hələ də bu sistemə keçməyiblər. Bu mənada Azərbaycan Türkiyə sistemindən istifadə edə bilər. Türkiyədə Prezidentin yerlərdəki nümayəndələri bələdiyyələr üzərində nəzarət etmək baxımından valilərdən ibarətdir. Azərbaycanda isə rayon icra hakimiyyəti başçıları həmçinin bələdiyyə statusundan istifadə edir. Rayonlarda icra hakimiyyətinin səlahiyyətləri əlindən alınmalıdır. Onlar torpaq alveri, ev tikmək istəyənlərdən qanunsuz pul yığmaqla məşğuldur. Təəssüf ki, icra hakimiyyətlərinə başçılıq edənlərin əksəriyyəti üzərlərinə düşən vəzifənin öhdəsindən gələ bilmir. Səlahiyyətləri oldu-olmadı başlarını hər yerə vururlar, hər şeyə qarışırlar”.

Bu mənada həmsöhbətimiz islahatların davamı olaraq icra hakimiyyəti orqanları ləğvi və onun səlahiyyətlərinin özünüidarə orqanlarına verilməsini vacib saydı: "Azərbaycan Türkiyədə olduğu kimi, valilik sisteminə keçməlidir. Bələdiyyələr öz problemlərini özləri həll etməlidir. Onda bələdiyyə seçkilərinə maraq yaranacaq və onların maliyyə bazası da formalaşacaq. İndiki halda isə, bələdiyyələr icra hakimiyyətində sanki "beşinci təkər” rolunu oynayırlar. Lazım olanda onların əli ilə öz maraqlarını təmin edir, lazım olmayanda isə avtomobilin 5-ci təkəri kimi yük yerində saxlayırlar. Səlahiyyətlərin dəqiq sərhədləri müəyyənləşməlidir. Bələdiyyələr sırf təsərrüfat işlərilə məşğul olmalıdırlar. İndilikdə isə kimin nə ilə məşğul olduğu bilinmir”.

D
demokrat.az