Orta Dəhlizin sürətlə inkişaf etməsi həm siyasi, həm də iqtisadi baxımdan Azərbaycanın regional əhəmiyyətini yeni mərhələyə daşıyır. Bu marşrutun genişlənməsi ölkəni təkcə Şərq-Qərb ticarətinin keçid nöqtəsinə çevirmir, həm də böyük güclərin əməkdaşlıq gündəliyində mühüm tərəfdaş kimi möhkəmləndirir. Azərbaycanın üzərindən keçən tranzit axınının artması iqtisadi gəlirləri yüksəltməklə yanaşı, ölkənin beynəlxalq danışıqlarda manevr imkanlarını genişləndirir. Mərkəzi Asiya ilə əlaqələrin güclənməsi isə regionlararası inteqrasiyada Bakının rolunu daha da strateji edir və türk dünyasında siyasi liderlik iddiasını reallaşdırmağa imkan yaradır.

Bu barədə iqtisadçı Fuad İbrahimov Demokrat.az-a açıqlamasında deyib ki, Orta Dəhliz nəqliyyat xətti Şərqlə Qərbi birləşdirən ən strateji marşrutlardan biridir:
“Bu dəhliz dünyanın böyük istehsal mərkəzi kimi tanınan Çinlə yüksək ödəniş qabiliyyətinə malik Avropa bazarlarını birləşdirən ən səmərəli yol hesab olunur. Bu iki məkan arasında olan ticarət həcmi illər boyunca sürətlə artıb və hazırda çox böyük bir iqtisadi dövriyyəni formalaşdırır. Belə bir şəraitdə bu yük axınlarının ən elastik və sürətli şəkildə hərəkət etdiyi marşrut məhz Azərbaycanın yerləşdiyi Orta Dəhlizdir. Şimal istiqaməti olan Rusiya üzərindən keçən yol həm siyasi gərginliklər, həm də daşınma müddətinin uzunluğu səbəbilə artıq öz əvvəlki əhəmiyyətini itirib. Bu marşrut demək olar ki, bağlı vəziyyətə düşdüyü üçün Avropa ilə Asiya arasında ciddi hərəkət məhdudiyyəti yaranıb. Cənub istiqaməti olan Hind okeanı, Süveyş kanalı və Aralıq dənizi üzərindən qurulan xətt isə çox uzun çəkir və aylarla vaxt aparır. Yüklər bu marşrutla hərəkət edəndə həm zaman itkisi olur, həm də xərclər artır”.
İqtisadçı əlavə edib ki, Orta Dəhliz bütün bu alternativlərdən fərqli olaraq çox qısa müddətdə Asiya ilə Avropanı birləşdirir:

“Bu sürət və əlverişlilik biznes üçün ən vacib amillərdən biridir. Hər bir daşınma şirkəti, hər bir sahibkar çalışır ki, yükü həm tez, həm də sərfəli şəkildə çatdırsın. Bu göstəricilərin hər ikisi isə məhz Orta Dəhlizdə öz əksini tapır. Bu dəhlizin daha da güclənməsi üçün genişlənmə və infrastrukturun dərinləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Qazaxıstandan Xəzər dənizinə qədər olan sahələrdə konteynerlərin yığılmadan fasiləsiz şəkildə hərəkət etməsi təmin olunmalıdır. Bürokratik maneələr aradan qaldırılmalı, tranzit prosesləri avtomatlaşdırılmalı və yüklər heç bir ləngimə olmadan davamlı şəkildə idarə olunmalıdır. Əgər hər hansı bir nöqtədə dayanma baş verərsə, bütün sistem zədələnir və sanki insan damarında qan axınının dayanması kimi tıxac yaranır. Texniki imkanlar da genişləndirilməlidir. Dəmir yolu xətləri elə gücləndirilməlidir ki, ardıcıl şəkildə çoxsaylı qatarların eyni vaxtda hərəkəti mümkün olsun və yük axını heç bir səbəbdən dayanmasın. Bu proses təkcə Azərbaycanda deyil, həm də Orta Asiya ölkələrində, Gürcüstanda və Türkiyədə paralel şəkildə aparılmalıdır. Bu ölkələr arasında koordinasiya yüksək səviyyədə qurulmasa, hər hansı bir marşrutda yaranan tıxac bütün dəhlizin fəaliyyətinə mənfi təsir edəcək. Zəngəzur Dəhlizi də bu genişlənmə prosesinin ən mühüm istiqamətlərindən biridir. İran üzərindən keçən alternativ yol da şahələnmənin digər bir qoludur. Bu üç istiqamət – İran, Gürcüstan və Ermənistan üzərindən gedən xətlər bir-birini rəqib kimi görməməlidir. Çünki daşınma həcmi o qədər böyükdür ki, hər bir marşrut öz payını alacaq və bütün region bu prosesdən qazanc əldə edəcək. Əsas məsələ əməkdaşlıq edərək bu yolları paralel şəkildə inkişaf etdirməkdir”.
İqtisadçının sözlərinə görə, bu dəhliz təkcə Çinlə Avropa arasındakı əlaqəni gücləndirmir:
“Türkiyə ilə Çin arasında olan ticarət, Türkiyə ilə Orta Asiya arasındakı mübadilə və eyni zamanda Çinlə Şimali Afrika ölkələri arasında yaranan yeni ticarət xətti də bu dəhlizin əhatə dairəsinə daxildir. Türkiyə və ya İran üzərindən Suriyanın Aralıq dənizi limanlarına çıxış əldə etməklə yüklərin Şimali Afrikaya çox qısa müddətdə çatdırılması mümkün olur. Halbuki eyni yüklər Çin limanlarından dəniz yolu ilə göndəriləndə bu proses çox uzun müddət tələb edir. Bütün bu coğrafi və iqtisadi xüsusiyyətlər göstərir ki, Orta Dəhliz yaxın illərdə dünya ticarətinin ən mühüm sütunlarından birinə çevriləcək. Əgər əməkdaşlıq gücləndirilərsə, koordinasiya təmin edilərsə və infrastruktur lazımi şəkildə inkişaf etdirilərsə, bu dəhliz qlobal iqtisadiyyatın ən böyük nailiyyətlərindən biri kimi qiymətləndiriləcək”.
Siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Orta Dəhliz və Mərkəzi Asiya ilə tranzit imkanlarının genişlənməsi Azərbaycanın siyasi çəkisini ciddi şəkildə artıran mühüm amildir:

“Bu dəhlizin sürətlə inkişaf etməsi Azərbaycanı Şərqlə Qərb arasında ən etibarlı və strateji əlaqə nöqtəsinə çevirir. Azərbaycan bu proseslə həm nəqliyyat qovşağı, həm də regional iqtisadi-siyasi mərkəz rolunu gücləndirir. Tranzit həcminin artması ölkəyə yeni tərəfdaşlıqlar qazandırır və Azərbaycanı beynəlxalq nəqliyyat xəritəsində əvəzolunmaz mövqe sahibi edir. Bu mövqe ölkənin diplomatik manevr imkanlarını artırır və Azərbaycanı böyük güclər üçün vacib tərəfdaşa çevirir. Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığın genişlənməsi Azərbaycanın türk dünyasındakı siyasi nüfuzunu gücləndirir və Türk Dövlətləri Təşkilatı çərçivəsində ölkənin rolunu daha da əhəmiyyətli edir”.
O vurğulayıb ki, region dövlətlərinin Azərbaycana olan asılılığı artdıqca Bakı həm iqtisadi, həm də siyasi baxımdan daha böyük təsir gücü əldə edir:
“Orta Dəhliz həm də Avropa İttifaqı ilə münasibətlərdə strateji üstünlük yaradır, çünki Avropa enerji kimi ticarət marşrutlarında da Azərbaycan üzərində dayanan bir tərəfdaş görməyə başlayır. Bu proses Azərbaycanı regional rəqabətdə Gürcüstan, İran və Ermənistan üzərində üstün mövqeyə çıxarır və ölkənin siyasi seçimlərini daha sərbəst şəkildə formalaşdırmasına imkan verir. Dəhliz həmçinin Azərbaycanın geosiyasi risklər qarşısında dayanıqlığını artırır, çünki ölkənin əhəmiyyəti artdıqca ona qarşı təzyiq imkanları məhdudlaşır. Üstəlik, tranzitdən gələn siyasi dividentlər Azərbaycanın təhlükəsizlik maraqlarını daha geniş beynəlxalq dəstək çərçivəsində qorumasına şərait yaradır. Orta Dəhliz və Mərkəzi Asiya ilə artan inteqrasiya Azərbaycanın həm iqtisadi gücünü, həm də diplomatik təsir radiusunu genişləndirir və ölkəni Avrasiya məkanının əsas strateji oyunçularından birinə çevirir”.
Leyla Turan Demokrat.az
Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqamətində hazırlanıb.


