“Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Qətər Dövlətinin paytaxtı Dohaya işgüzar səfərə gedəcək. Armen Qriqoryan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə birlikdə Doha Forumu çərçivəsində “Ermənistan və Azərbaycan arasında uzunmüddətli sülh: Vaşinqton sazişi və ortaq gələcək” mövzusunda panel müzakirəsində iştirak edəcək”.
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
Onun sözlərinə görə, regionda sülh və təhlükəsizlik məsələləri artıq yalnız Bakı və İrəvanın daxili gündəliyi ilə məhdudlaşmır, qlobal diplomatik platformalarda da müzakirə olunur:
“Armen Qriqoryan və Hikmət Hacıyevin Doha Forumunda birlikdə iştirakı olaraq Ermənistan və Azərbaycanın qarşılıqlı dialoq imkanlarının mövcud olduğunu göstərir. Azərbaycanın mövqeyi bu cür forumlarda prinsipial olaraq davamlıdır: söz yox, sənəd və icra mühüm rol oynayır. Bakı üçün bu panel həm diplomatik üstünlük, həm də Ermənistanın sülh prosesinə məcburi inteqrasiyasının nümayişidir. Azərbaycan həm milli maraqlarını qoruyaraq, həm də beynəlxalq ictimaiyyət qarşısında regionda sülh təşəbbüslərinin təşəbbüskarı kimi öz rolunu gücləndirir”.
Politoloq əlavə edib ki, bu tip görüşlər, Ermənistan üçün həm daxili, həm də xarici legitimlik testidir:
“İrəvanın sülh istiqamətində atacağı addımlar artıq yalnız daxili siyasət deyil, beynəlxalq səviyyədə də qiymətləndiriləcək. Doha Forumu çərçivəsində keçiriləcək panel həm Ermənistan-Azərbaycan dialoqunun, həm də Azərbaycanın regional lider mövqeyinin beynəlxalq səhnədə təsdiqi kimi qiymətləndirilə bilər. Amma Azərbaycanın prioriteti dəyişməz olaraq qalır”.
Leyla Turan Demokrat.az


