"Çiçək virusunun növləri çoxdur. Ümumiyyətlə, Yer kürəsinin istənilən nöqtəsində ortaya çıxan hər hansı infeksiya, həmin ərazidəki vəziyyətdən asılı olmayaraq, Azərbaycana daxil ola bilər. Bu ehtimal hər zaman mövcuddur".
Bunu Demokrat.az-a açıqlamasında infeksionist Adil Qeybulla deyib.
O, bildirib ki, əgər virusun yayıldığı ölkə ilə ticarət, nəqliyyat, miqrasiya və ümumi gediş-gəliş intensivdirsə, infeksiyanın Azərbaycana keçmə riski də təbii olaraq daha yüksək olur:
"Əksinə, bu əlaqələr zəifdirsə və ya nadir rast gəlinirsə, həmin infeksiyanın ölkəyə daxil olması ehtimalı da çox aşağı olur. Digər tərəfdən, belə infeksiyaların mənbə ölkələrdə vaxtında lokallaşdırılması, görülən profilaktik tədbirlərin effektivliyi nəticəsində virusun yayılmadan yerindəcə qalmasına səbəb olur. Bu isə ümumi riski azaldan əsas faktordur".
İnfeksionist qeyd edir ki, belə hallar təcrübədə tez-tez müşahidə olunur:
"Ona görə də bu kimi məlumatlar ortaya çıxdıqda, biz hər zaman diqqətli olmalı, xüsusilə də transsərhəd keçid məntəqələrində nəzarəti gücləndirməliyik. Məqsəd infeksiyanın Azərbaycana daxil olma ehtimallarını maksimum dərəcədə nəzarət altında saxlamaqdır".
Əfsanə Kamal Demokrat.az


