“Son dövrlərdə Türk dünyasında müxtəlif qurumlar arasında əməkdaşlıq dinamik şəkildə inkişaf edir. Bu əməkdaşlığın qeyri-hökumət təşkilatları (QHT) səviyyəsində də gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib.
O əlavə edib ki, qloballaşan dünyada QHT-lərin cəmiyyətdə oynadığı aparıcı rol təqdirəlayiqdir:
“Onların fəaliyyətinin düzgün istiqamətləndirilməsi milli təhlükəsizlik baxımından da önəmlidir. Xüsusilə milli dəyərlərə və ruhda fəaliyyət göstərən QHT-lərin Türk dünyası ilə əlaqələrinin gücləndirilməsi, həm milli mənəvi dəyərlərin qorunmasına, həm də ümumtürk həmrəyliyinin möhkəmlənməsinə ciddi töhfə verə bilər. Digər tərəfdən, bəzi ölkələrdə – məsələn, Gürcüstanda – QHT-lər xarici təsirlərə məruz qalaraq cəmiyyətə neqativ təsirlər göstərib. Bu kimi nümunələr göstərir ki, QHT-lərin hansı ideoloji platformaya söykəndiyi və hansı istiqamətdə fəaliyyət göstərdiyi çox önəmlidir”.
Politoloq qeyd edib ki, Azərbaycan QHT-lərinin Türk dünyasının digər ölkələrindəki QHT-lərlə əlaqələrinin intensivləşdirilməsi mühüm hadisədir:
“Bu əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində addımlar atılmalıdır. Gələcəkdə Türk dünyasının QHT-ləri arasında beynəlxalq forumların təşkili, ortaq layihələrin həyata keçirilməsi və vahid platformada birləşmə kimi təşəbbüslər həm əlaqələri möhkəmləndirər, həm də ortaq ideoloji xətt formalaşdırar. QHT-lərin vahid institusional qurum çərçivəsində fəaliyyət göstərməsi – məsələn, Türk Dövlətləri Təşkilatı çərçivəsində QHT-lərin xüsusi platformasının yaradılması – institusionallaşma baxımından vacib addım ola bilər. Bu, həm əməkdaşlığın koordinasiyasını asanlaşdırar, həm də ortaq maraqlara xidmət edən möhkəm əməkdaşlıq mühitinin formalaşmasına imkan verər”.
Leyla Turan Demokrat.az


