Hadisə Özəl

Bakıda kafedə insident: 47 yaşlı kişi sevgilisini ağır yaraladı — TƏFƏRRÜAT

Bakıda kafedə insident: 47 yaşlı kişi sevgilisini ağır yaraladı — TƏFƏRRÜAT

Bakının Nəsimi rayonunda 1978-ci il təvəllüdlü Məmməd qeyri-rəsmi münasibətdə olduğu Könülə (adlar şərtidir – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə Nəsimi rayonu, R.Məmmədov 15 ünvanında yerləşən “Qızıldaş” kafesində baş verib. Məmməd tanışı Könül münasibətlərin pozulması nəticəsində yaranmış mübahisə zamanı masanın üzərində olan stəkanı götürüb və onun alın nahiyəsindən vurub.

Hadisəni törədən Məmmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Məmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O, ifadəsində göstərib ki, , Könül ilə 2 ilə yaxındır qeyri-rəsmi olaraq münasibətdədir:

“Biz birlikdə işlədiyimiz “Qızıldaş” kafesində tanış olmuşuq. Lakin təxminən 1 il olar ki, aramızda olan mübahisələrə görə Könül məndən ayrılıb. Məlum hadisə günü, saat 10:00-da Könülün işlədiyim “Qızıldaş” kafesinin yanından keçdiyini gördüm. Yaxınlaşaraq ona hadisədən 1 həftə əvvəl mənə nə üçün yazdığını və hadisədən əvvəlki gün harada olduğunu soruşdum. Lakin Könül kobud danışdı, məni təhqir etməyə başladı.

Daha sonra Könüldən uzaqlaşaraq işlədiyim kafenin kilidini açaraq içəri daxil oldum. Bu zaman Könül də içəri daxil oldu. Mən kafeni tərk etməyini tələb etsəm də, Könül kafedən çıxmadı. Mən spirtli içkinin təsirində olduğum üçün stolun üstündə olan şüşə stəkanı onun alın nahiyəsinə vuraraq ona xəsarət yetirdim. Daha sonra əməlimdən peşman olsam da, Könül ağlayaraq həmin kafedən çıxdı”.

İş üzrə zərərçəkən Könülün sözlərinə görə, Məmmədlə 2 ilə yaxındır qeyri-rəsmi olaraq münasibətdədir:

“Biz birlikdə işlədiyimiz "Qızıldaş" kafesinde tanış olmuşuq. Lakin təxminən 1 il olar ki, aramızda olan mübahisələrə görə ondan ayrılmışam. Ayrıldıqdan sonra "Qızıldaş" kafesindən işdən çıxdım. Lakin ayrıldığım gündən Məmməd məni mütəmadi olaraq narahat edib. Hadisə günü saat təxminən 10:00-da yaşadığım mənzildən çıxaraq işlədiyim "Oğuz" kafesinə gedərkən Məmməd məni "Qızıldaş" kafesinin yanında gördü və yanıma gəldi. Yaxınlaşan zaman onun içkili olduğunu hiss etdim. Məmməd məndən əvvəlki gün harada olduğumu soruşdu. Mən isə harada olduğum ona nə üçün maraqlı olduğunu soruşdum.

Məmməd məni nalayiq ifadələrlə təhqir etməyə başladı. Dəfələrlə onu sakitləşdirməyə çalışdım. Məmməd mənim ailə üzvlərimi təhqir edə-edə işlədiyi kafenin kilidini açaraq içəri keçdi. Məndə onun arxasınca getdim. Ondan nə üçün məni təhqir etdiyini soruşdum. Bu zaman Məmməd əlindəki şüşə stəkanı başıma atdı. Stəkan alnıma dəyərək sındı və alnımın sağ tərəfindən qan axmağa başladı. Kafedən çıxaraq Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə yaxınlaşaraq tanışım Məni döyməsi barədə məlumat verdim”.

Bu cinayət işinə Nəsimi Rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Məmməd 1000 manat məbləğində cərimə cəzasına məhkum edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az