"Son dəyişikliklər nəticəsində əmək pensiyalarının təyinatı və yenidən hesablanması tamamilə elektron sistemlər vasitəsilə həyata keçirilir. Bu yanaşma prosesi sadələşdirir, idarəetməni optimallaşdırır və sosial təminatın keyfiyyətini artırır".
Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli deyib.
O, bildirib ki, bu sistem pensiyaların vaxtında və daha sürətli təyin olunmasına imkan yaradır:
"Müraciətlərin operativ emalı, insan amilinin azalması və bütün zəruri məlumatların real vaxtda ötürülməsi təmin olunur. Digər tərəfdən, elektron sistemlərdə alqoritmlər vasitəsilə hesablamalar aparıldığından, insan səhvlərinin və subyektiv qərarların riski minimuma enir. Bu isə pensiyaların daha dəqiq və ədalətli hesablanmasına şərait yaradır".
Ekspert bildirib ki, şəffaflıq və korrupsiya risklərinin aradan qaldırılması da təmin olunur:
"Vətəndaşlar şəxsi kabinetləri vasitəsilə prosesləri izləyə bilirlər. Nəticə olaraq, sistemin elektronlaşdırılması vətəndaşların sosial təminat hüquqlarının daha dəqiq, şəffaf və operativ şəkildə təmin edilməsinə xidmət edir".
Əfsanə Kamal Demokrat.az


