“Ermənistanda gələn ilin yayında keçiriləcək parlament seçkiləri öncəsi daxili gərginlik artıb. Revanşistlər sülhdən imtina edir, yenidən müharibə çağırışları edir və Qarabağın “geri qaytarılması” kimi real həyatdan uzaq iddialarla çıxış edir”.
Bunu siyası şərhçi Kənan Məmmədli Demokrat.az-a açıqlamasında deyib.
O bildirib ki, bu, əsasən keçmiş hərbi liderlər və radikal siyasi qrupların platformasında müşahidə olunur:
“Lakin erməni cəmiyyətinin böyük əksəriyyəti artıq 2020-ci ildən sonra baş verən hərbi və iqtisadi fəlakətlərin nəticələrini yaxşı anlayır. Onlar münaqişənin yenidən alovlanmasının ağır nəticələrini görür və sülhü üstün tuturlar. Xüsusilə gənc nəsil və şəhər əhalisi iqtisadi sabitlik və normal həyat şəraitinə daha çox önəm verir. Revanşist çağırışlar ictimai dəstək qazanmaqda çətinlik çəkir, çünki cəmiyyət real vəziyyətin fərqindədir. Bununla belə, bu qruplar daxili qarşıdurmanı artırmaq və siyasi gərginliyi saxlamaq üçün fəal çalışır”.
Siyasi şərhçi qeyd edib ki, seçkilər yaxınlaşdıqca, sülh tərəfdarlarının mövqeyi güclənəcək və radikal ritorika daha az təsirli olacaq:
“Erməni cəmiyyətində ideoloji fərqlər dərin olsa da, pragmatik baxış geniş üstünlük qazanır. Bu baxımdan, revanşist kəsimin seçkilərdə çoxluq qazanması real görünmür. Amma onların sülh prosesinə mane olması və gündəmi pozması mümkündür. Cəmiyyətin reallıqla barışması prosesində iqtisadi və sosial məsələlər ön plana çıxacaq. Ermənistanda daxili gərginlik seçkilərə qədər qalacaq, amma sülhü dəstəkləyən əhali daha kritik və ölçülü mövqe nümayiş etdirəcək”.
Leyla Turan Demokrat.az


