Gündəm Özəl

“Prezidentin bu sahələrə şəxsi diqqəti və nəzarəti prosesin uğurlu idarə olunmasında həlledici rol oynayır”

“Prezidentin bu sahələrə şəxsi diqqəti və nəzarəti prosesin uğurlu idarə olunmasında həlledici rol oynayır”

“Konstitusiya başda olmaqla, digər normativ sənədlər, istər vergi, gömrük, istərsə də digər sahələr üzrə qəbul olunduqdan sonra müəyyən müddət ərzində tətbiq edilir və fəaliyyət göstərir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

O bildirib ki, zaman keçdikcə bu sənədlər bəzən öz aktuallığını itirir, çünki cəmiyyət dəyişir, yeni problemlər və tələblər ortaya çıxır:

“Bu səbəbdən də qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsinə ehtiyac yaranır. Bütün bu dəyişikliklər inkişaf tendensiyaları kontekstində baş verməlidir. Azərbaycanın iqtisadi və sosial inkişaf tempi göstərir ki, ölkə dövrün tələblərinə vaxtında reaksiya verməyi bacarır. Bu da Prezident İlham Əliyevin həyata keçirdiyi davamlı inkişaf strategiyasının bir hissəsidir. Unutmaq olmaz ki, dünənin hüquqi bazası ilə bu günə və xüsusən gələcəyə yönəlmək mümkün deyil. Qanunvericilik yalnız mövcud vəziyyətə deyil, gələcək ehtiyaclara uyğun şəkildə formalaşdırılmalıdır. Bu baxımdan, Azərbaycanın hüquq sistemində atılan addımlar və əldə olunan nəticələr təqdirəlayiqdir. Prezident İlham Əliyev tərəfindən bölgələrə yeni kadrların təyinatı, onların qəbul zamanı verdiyi tapşırıq və tövsiyələr, xüsusən də məmur özbaşınalığına son qoyulması, suistifadələrin qarşısının alınması və yuxarıdan verilən göstərişlərin qanunla səsləşməsi çağırışları mühüm mesajlar verir. Bu, həm də idarəetmədə çeviklik və şəffaflığın artırılmasına yönəlmiş addımlardır”.

Politoloq qeyd edib ki, hazırda Azərbaycanın kifayət qədər etibarlı valyuta ehtiyatları, çevik idarəetmə mexanizmləri və institusional dəyişikliklərlə ayaqlaşa bilən hüquqi mühiti var:

“Nazirliklər arasında səlahiyyət bölgülərinin yenilənməsi, yeni qurumların yaradılması və bəzilərinin ləğvi də bu istiqamətdə görülən işlər sırasındadır. Bütün bu proseslərdə hüquqşünasların və qanunverici orqanın üzərinə böyük məsuliyyət düşür. Qanunvericilik layihələri yalnız geniş müzakirə, təhlil və zəruri mərhələlərdən sonra normativ akt kimi qəbul edilməlidir. Prezidentin bu sahələrə şəxsi diqqəti və nəzarəti prosesin uğurlu idarə olunmasında həlledici rol oynayır. Bu diqqət olmasa, bir çox məsələlər taleyin hökmünə buraxıla bilərdi ki, bu da arzuolunmaz nəticələrə səbəb ola bilərdi. Ona görə də bütün islahatlar proqramlaşdırılmalı, düzgün hesablanmalı və effektiv şəkildə icra olunmalıdır”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova