“Azərbaycanın xarici siyasətində Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlıq prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi: “Bizim ailəmiz türk dünyasıdır, başqa ailəmiz yoxdur”. Bu, Azərbaycanın türk dünyasına bağlılığının, ortaq dəyərlərə və tarixi köklərə söykənən münasibətlərin rəsmi və səmimi ifadəsidir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
O bildirib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin coğrafi və siyasi sərhədləri olduğu kimi, informasiya sərhədləri də mövcuddur:
“Necə ki, fiziki sərhədlərin təhlükəsizliyi bir dövlətin milli təhlükəsizliyi baxımından mühümdürsə, informasiya sərhədlərinin qorunması da eyni dərəcədə əhəmiyyətlidir. Çünki bu gün artıq dövlətlərin ideoloji sabitliyi, ictimai düşüncənin formalaşması, milli birliyin gücləndirilməsi və ortaq identikliyin təşəkkülü məhz informasiya məkanında baş verir. Müasir dövrdə informasiya siyasəti yeni nəsil güc amilidir. İnformasiya məkanı siyasi qərarların yönünü, iqtisadi inteqrasiyanın istiqamətini və ictimai şüurun konturlarını müəyyən edir. Odur ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində bu məkanın mühafizəsi, təhdidlərə qarşı birgə mübarizə və ortaq informasiya strategiyalarının müəyyən olunması vacib bir çağırışdır”.
Millət vəkili bildirib ki, qlobal rəqabət və informasiya müharibələrinin intensivləşdiyi bir dövrdə, heç bir ölkə informasiya təhlükəsizliyini təkbaşına təmin edə bilməz:
“İnformasiya sərhədlərinə edilən təzyiqlər, dezinformasiyalar, saxta təbliğatlar, yönləndirilmiş informasiya axınları yalnız ortaq yanaşma ilə neytrallaşdırıla bilər. Bu baxımdan, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin informasiya təhlükəsizliyi sahəsində koordinasiyalı fəaliyyəti, ortaq müdafiə mexanizmlərinin formalaşdırılması strateji əhəmiyyət kəsb edir. Türk Dövlətləri Təşkilatı təkcə siyasi-iqtisadi deyil, həm də informasiya təhlükəsizliyi baxımından ortaq platformaya çevrilməlidir. Bu həm hər bir üzv ölkənin milli maraqları baxımından, həm də ümumilikdə türk dünyasının birlik və gücünü qoruyub inkişaf etdirmək üçün əsas şərtlərdən biridir”.
Leyla Turan Demokrat.az


