“Azərbaycanda kredit götürən şəxslərin işsiz qalması hallarının sığortalanması yeni mexanizm kimi nəzərdən keçirilir. Bu sistemin əsas məqsədi kredit götürənlərin sosial müdafiəsini gücləndirməkdir”.
Bunu bank məsələləri üzrə mütəxəssis Nahid Rəfail Demokrat.az-a açıqlamasında söyləyib.
O diqqətə çatdırıb ki, borcalan işsiz qaldığı halda, sığorta vasitəsilə kredit ödənişlərinin müəyyən hissəsi və ya tam məbləği ödənilə bilər:
“Bu, borcalanın maliyyə vəziyyətini qoruyur və eyni zamanda bank üçün riskləri azaldır. Banklar üçün bu mexanizm əlavə idarəetmə yükü yarada bilər. Sığorta prosesinin tətbiqi üçün borcalanın statusunun yoxlanması, ödənişlərin koordinasiyası və iddiaların emalı tələb olunacaq. Bununla belə, uzunmüddətli perspektivdə kredit portfelinin risklərinin azalması bank üçün faydalıdır. Kredit faizlərinə təsir məsələsi hələ də tam müəyyən deyil, lakin sığorta xərci faizlərə cüzi əlavə oluna bilər”.
Ekspert diqqətə çatdırıb ki, borcalan üçün əlavə təhlükəsizlik təmin olunur və kredit bazarında etimad artır:
“Sistem həm də sosial baxımdan borcalanın işsiz qalması halında təzyiqi azaldır. Mexanizm həm bankların dayanıqlığını gücləndirir, həm də borcalanların sosial müdafiəsini təmin edir. Əgər düzgün tətbiq olunarsa, bu, həm kredit risklərini idarə etmək, həm də iqtisadi sabitliyi dəstəkləmək üçün əhəmiyyətli addım olacaq. Banklar üçün risklərin sığorta vasitəsilə yayılması uzunmüddətli mənfəət gətirə bilər”.
Leyla Turan Demokrat.az


