"Son dövrdə gənclər, həm qızlar, həm oğlanlar arasında siqaretə, xüsusilə elektron siqaretlərə meyil artır. Bu, xüsusən yeniyetmələr arasında sürətlə genişlənir və cəmiyyət üçün narahatlıq doğurur. Buna görə də ictimai yerlərdə qadağaların tətbiqi zəruridir. Bu, həm gənclərin sağlamlığını qorumağa, həm də mənfi nümunələrin yayılmasının qarşısını almağa xidmət edir".
Bunu Demokrat.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.
O, bildirib ki, siqaret çəkmək yalnız şəxsin sağlamlığına ziyan vurmur, həm də ətrafdakılara mənfi təsir göstərir:
"İnsanlar siqaret çəkən qrupları gördükdə, uzun müddət çəkmiş olmasalar belə, yenidən siqaretə başlayırlar. Bu baxımdan qadağalar gəncləri nizamlı olmağa, sağlam həyat tərzi sürməyə və boş vaxtlarını səmərəli keçirməyə təşviq edir".
Sosioloq bildirib ki, bundan əlavə, siqaret istifadəsi şəxsi və ailə büdcəsinə ziyan vurur, gənclərin gələcək potensialına mənfi təsir edir və onların məsuliyyətli davranış modelini pozur:
"Belə ki, məsuliyyətli və tərbiyəli gənclər, qruplar vasitəsilə siqaretə meyillik gördükdə, əvvəlki müsbət davranışlarını itirə bilirlər. Nəticədə qadağalar gənclərin sağlamlığını qoruyur, etik və nümunəvi davranışlarını artırır və cəmiyyətdə siqaret istifadəsinin yayılmasının qarşısını alır. Bu tədbir həm də sosial və iqtisadi baxımdan əhəmiyyətlidir".
Əfsanə Kamal Demokrat.az


