Gündəm Özəl

Politoloq: "Delimitasiya bütün bölgənin taleyinə təsir göstərə biləcək mühüm vəzifə kimi qarşıdadır"

Politoloq: Delimitasiya bütün bölgənin taleyinə təsir göstərə biləcək mühüm vəzifə kimi qarşıdadır

"Delimitasiya prosesi nə qədər sürətlə aparılsa, bu, yalnız Azərbaycanın yox, bütün bölgənin təhlükəsizliyi və sabitliyinə təsir göstərəcək. Çünki müharibə potensialı və münaqişə ocağı hələ də mövcuddur və uzunmüddətli sabitlikdən söhbət gedə bilməz. Bu baxımdan, Ermənistan, xüsusilə delimitasiya prosesinin sürətli aparılmasında əsas açar rolu oynaya biləcək ölkədir".

Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

O, bildirib ki, indiyə qədər prosesin müəyyən hissəsi yalnız Azərbaycanın prinsipiallığı və təşəbbüsləri hesabına irəliləmişdir:

"Təəssüf ki, Ermənistan bu prosesə həmişə sadiq yanaşmayıb və indi də bütün dövlət elitəsinin prosesə ürəkdən dəstək verdiyini demək mümkün deyil. Ermənistan hakimiyyətində fərqli fikirlər mövcuddur ki, bu da delimitasiya prosesinə mənfi təsir göstərir".

Ekspert bildirib ki, xüsusilə delimitasiyanın iki iclası arasında 8–9 ay fasilə yaranması yaxşı hal deyil:

"Bundan əvvəlki görüş fevral ayında olmuş, son görüş isə bu günlərdə Qəbələdə keçirilib. Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin rəhbərliyi ilə işçi qruplar səviyyəsində keçirilən bu görüşlər belə böyük fasilələrlə aparıldıqda gözlənilən nəticəni vermir. Buna görə delimitasiyanın sürəti artırılmalıdır".

Onun sözlərinə görə, delimitasiya yalnız müəyyən ərazidə deyil, Azərbaycan-Ermənistan-İran sərhədinə qədər geniş bir ərazidə aparılmalıdır:

"Bu prosesdə mübahisəli ərazilərin statusu aydınlaşdırılmalıdır. Hələ də Ermənistan hakimiyyətində bəzi qüvvələr 2021 və 2023-cü illərdə Azərbaycanın bəzi ərazilərini işğal etdiyini iddia edir. Eyni zamanda, Azərbaycanın bəzi kəndləri hələ də Ermənistanın nəzarətindədir. Belə mübahisəli ərazilərin taleyi qeyri-müəyyən qaldıqca bölgədə hərbi eskalasiya riski mövcuddur".

O, bildirib ki, ona görə də, delimitasiyanın mümkün qədər tez aparılması bütün bölgənin taleyi üçün vacibdir:

"Ermənistan da Azərbaycan qədər prinsipiallıq göstərsə, delimitasiya prosesində qısa müddətdə daha böyük uğurlar əldə etmək mümkündür. Delimitasiya bugün bütün bölgənin taleyinə təsir göstərə biləcək mühüm vəzifə kimi qarşıdadır".

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova