“2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri region üçün böyük əhəmiyyət kəsb edir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
Onun sözlərinə görə, xüsusilə bu, Azərbaycanla sülh perspektivlərinə təsir göstərəcək:
“Seçkilərin nəticəsi Ermənistanın daxili siyasi sabitliyini müəyyən edəcək. Hazırkı hökumət qalib gələrsə, sülh prosesi davam edə bilər. Bu, Azərbaycanla razılaşmaların icrasını sürətləndirəcək və hüquqi, iqtisadi mexanizmlərin tətbiqinə şərait yaradacaq. Əgər müxalifət və ya radikal qruplar güclü təsir göstərsə, sülh prosesi yavaşlaya və ya dayanacaq. Bu halda Bakı diplomatik və iqtisadi tədbirləri aktivləşdirməli olacaq. Azərbaycan isə sülhün regional stabillik üçün vacib olduğunu vurğulayaraq prosesin irəliləməsinə çalışacaq. Seçkilərin nəticəsi Ermənistanın regional inteqrasiya siyasətinə təsir edəcək”.
Politoloq əlavə edib ko, Avropa və Rusiya ilə münasibətlərin balansı, KTMT və digər platformalarda mövqe sülh sazişi baxımından prioritetləri müəyyən edəcək:
“Hökumət sülhə açıqdırsa, ticarət, sərhəd və kommunikasiya məsələlərində sürətli addımlar atıla bilər. Seçkilərdən sonra Ermənistanın iqtisadi sabitliyi və xarici investisiyaların cəlbi də önəmli olacaq. Sülhün iqtisadi motivasiya ilə dəstəklənməsi regionda uzunmüddətli sabitlik üçün vacibdir. 2026-cı ilin seçkiləri Ermənistanın daxili siyasətini, Azərbaycanla sülh prosesinin sürətini və regiondakı stabilliyi müəyyən edəcək. Demokratik və şəffaf seçkilər sülh üçün əlverişli mühit yaradacaq, əks halda isə prosesdə əngəllər yarana və regionda qeyri-müəyyənlik arta bilər”.
Leyla Turan Demokrat.az


