"Mən bu dəyişikliyi təqdir edirəm. Sosial şəbəkələrə nəzarət gücləndirilməlidir. Bu barədə uzun müddətdir danışılır".
Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Mail Yaqub deyib.
O deyib ki, təxminən iki ildir sosial şəbəkələrdə nəzarətin artırılmalı olduğunu bildirir:
"Çünki bu sahəni başlı-başına buraxmaq düzgün deyil. Təəssüf ki, bəzi insanlar sosial şəbəkələri istədikləri kimi davranmaq, məsuliyyətsiz ifadələr işlətmək və ictimai etikaya zidd hərəkətlər etmək üçün sərbəst meydan hesab edirlər.
İnsanlara məsuliyyət hissinin aşılanması, kiminsə hüququna müdaxilə edən və cəmiyyəti təhqir edən davranışlara vaxtında reaksiya verilməsi, həmçinin qanunun işləməsi zəruridir. Bu həm onlayn mühitin sağlamlaşdırılması, həm də ictimai nizamın qorunması üçün vacibdir".
Qeyd edək ki, yeni qaydalara əsasən sosial şəbəkələrdə təhqirə, kimisə alçatma məqsədilə istifadə edilən sözlər "xırda xuliqanlıq" maddəsinə daxil edilə bilər.
Əfsanə Kamal Demokrat.az


