Zaqatala rayonunda Kanadaya getmək üçün viza almaq istəyən şəxs dələduzluqla üzləşib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt şəhər sakini Vasif 18 iyul 2023-cü ildə Kənan adlı şəxsin 2786 manatını ələ keçirib.
Hadisəni törədən Vasifin barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxslə sosial şəbəkələrdə tanış olub: “Kənanın sosial şəbəkədə Məhəmməd adlı bir tanışı olub. Mənim də Məhəmmədlə münasibətim olub. Elə Məhəmməd məni Kənanla tanış edib. O, da həmin vaxt Kanadaya getmək istəyib. Lakin alınmayıb. Mən QİÇS xəstəliyindən əziyyət çəkirəm. İki dəfə xəstəliyim ağırlaşıb və xəstəxanada olmuşam. Xəstəliyim səbəbindən borcumu qaytarmaq istəsəm də, qaytara bilməmişəm. Hazırda mebel sexində iş tapmışam. Əlavə işdə də işləyərək borcumu qaytara bilərəm. Lakin ayağımdakı elektron nəzarət vasitəsi buna imkan vermir. Himayəmdə həmçinin anam var. Əməlimdən peşmanam. Zərərçəkmiş şəxslə barışmışam, ona vurduğum ziyanı ödəmişəm. Bağışlanmağımı xahiş edirəm”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Kənanın sözlərinə görə, Vasiflə dostu Məhəmməd vasitəsilə tanış olub: “Mən ilk öncə Litva üçün sənəd düzəltmişəm. Lakin öz səhvimdən gedə bilməmişəm. Vasif Məhəmmədə yazaraq deyib ki, mən özüm artıq Kanadada oluram və Kanada vətəndaşıyam, istəyirsənsə səni Kanadaya təmənnasız apararam. Məhəmməd özü getmək istəmədi, məni təklif etdi. Mən də razılaşdım. Məhəmməd mənim nömrəmi Vasifə verdi. Biz telefonda görüntülü danışışdıq. Vasif sadəcə sənədlər üçün 250 dollar lazım olduğunu dedi, mən də göndərdim. Daha sonra Vasif əlavə pullar istədi. Adımdan Kanada səfirliyində qeydiyyatdan keçdi və səfirlikdən mənə mail gəldi. Buna görə də həqiqətən inandım. Daha sonra imtina gəldiyində aldadıldığımı anladım. Sonra pulumu geri tələb etdim”. Bu işə Zaqatala Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vasif 8 ay azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxs bundan əvvəl dələduzluq əməllərinə görə dəfələrlə məhkum edilib.
Fariz Məlikli Demokrat.az


