"Binaların altında yerləşən qeyri-yaşayış və ya yaşayış sahələri çox vaxt müxtəlif ictimai iaşə obyektləri kimi fəaliyyət göstərir. Bunlara restoranlar, dönərxanalar, çayxanalar, eləcə də yağdəyişmə məntəqələri və yağ satış obyektləri daxildir. Bu obyektlərin bir qismi birbaşa təhlükə meyarları daşıyır və sakinlər üçün ciddi risk yaradır".
Bunu Demokrat.az-a açıqlamasında təhlükəsizlik eksperti Samir Nəbiyev deyib.
O bildirib ki, bu kimi risklərin qarşısını almaq üçün ilk növbədə dövlət nəzarət orqanları həm planlı, həm də növbədənkənar yoxlamalar həyata keçirməlidir:
"Əgər obyekt yaşayış təyinatlıdırsa, burada qeyri-yaşayış fəaliyyəti aparan hər hansı sahibkarlıq subyektinin fəaliyyəti dərhal dayandırılmalıdır. Əgər obyekt qeyri-yaşayış təyinatlıdırsa, müəyyən şərtlərə əməl etməklə ictimai iaşə fəaliyyəti mümkündür. Belə ki, oturacaq sayı 50 nəfəri aşmırsa, çay evi və ya yeməkxana kimi xidmətlər göstərilə bilər. Lakin oturacaq sayı 50-ni keçirsə, həmin obyektin bu formada fəaliyyəti dayandırılmalıdır".
Ekspert bildirib ki, həmçinin qeyd edilməlidir ki, qeyri-yaşayış təyinatlı olsa belə, tez alışan, yanan və partlayan məhsulların, məsələn, yağ satışının belə məkanlarda saxlanılması və satışı qadağan olunmalıdır. Binaların birinci mərtəbəsində və zirzəmilərində məişət qazından istifadə ümumiyyətlə qadağandır, istər balonla, istərsə də xəttlə təmin olunsun".
Onun sözlərinə görə, elektrik təhlükəsizliyi tam təmin edilməlidir:
"Bu sahədə bütün tələblərə riayət etmək həm obyekti icarəyə verən şəxsin, həm də icarədarın birbaşa öhdəliyidir. Çünki obyektin hansı fəaliyyət məqsədilə istifadə olunmasına nəzarət etmək və təhlükəsizlik tələblərinə əməl etmək onların məsuliyyətindədir".
Əfsanə Kamal Demokrat.az


