Hərbi Özəl

Breketi olan şəxslər əsgərliyə aparılmayacaq? — Ekspertdən AÇIQLAMA

Breketi olan şəxslər əsgərliyə aparılmayacaq? — Ekspertdən AÇIQLAMA

"Azərbaycanda hərbi xidmətə çağırış zamanı breket taxma səbəbi ilə möhlət verilmir və qanunvericilikdə bunun üçün ayrıca maddə nəzərdə tutulmayıb. Hərbi xidmətə möhlət yalnız ailə vəziyyətinə görə mümkündür, məsələn, himayəsində əlilliyi olan valideyni olan şəxslər, üç və daha çox uşağı olanlar, birinci qrup əlil və qadınlar hərbi xidmətə çağırışdan möhlət ala bilirlər. Son zamanlar breket mövzusu gündəmə gəlsə də, bu məsələdə hələlik qanun çərçivəsində dəyişiklik yoxdur".

Bunu Demokrat.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.

O bildirib ki, breketlərin tibbi istifadəsi çənə anomaliyalarının müalicəsi ilə bağlıdır:

"Bu müalicə müəyyən fəsadlar yarada bilər, lakin bu, şəxsin hərbi xidmət keçməsinə əngəl deyil. Məsələn, dişlərin olmaması, protez ehtiyacı və ya digər çənə problemləri mövcuddursa, hərbi həkim komissiyası bu barədə rəy verir. Dinc dövrdə belə şəxslər hərbi xidmətə yararsız sayıla bilər, müharibə şəraitində isə məhdud yararlılıqla xidmət edə bilərlər".

Ekspert bildirib ki, breket məsələsi çağırış qaydalarında bəzən təhriflərə səbəb olur və valideynlər ilə hərbi xidmət orqanları arasında mübahisələr yarada bilər:

"Bununla belə, mövcud xəstəliklər cədvəli və Nazirlər Kabinetinin qərarları əsasında həkimlər rəy verə bilir. Əlavə mürəkkəblik yaratsa da, breket problemi hərbi xidmətin keyfiyyətinə və təşkilatına ciddi təsir göstərmir, çünki belə halların sayı çox azdır".

Onun sözlərinə görə, bu məsələ əsasən uşaq baxçası və təhsil müəssisələrində düzgün stomatoloji və ortodontik müalicələrin təşkili ilə həll edilə bilər:

"Beləliklə, çağırış yaşına çatanda breket və çənə problemləri ciddi əngəl yaratmaz və hərbi xidmətə yararlılıq məsələsi daha dəqiq müəyyənləşdirilə bilər".

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova