Gündəm Özəl

Bu yaşda uşaqların toya aparılması QADAĞAN OLUNUR? — Ekspertdən AÇIQLAMA

Bu yaşda uşaqların toya aparılması QADAĞAN OLUNUR? — Ekspertdən AÇIQLAMA

"Hər yaş dövrünün özünəməxsus psixoloji xüsusiyyətləri var və uşaqlar, yeniyetmələr, gənclər sosiallaşma prosesini məhz həmin yaş dövrünün tələblərinə uyğun şəkildə yaşayırlar. Yaşına uyğun olmayan tədbirlərin iştirakçısı olmaq isə uşaqlarda və yeniyetmələrdə heç də müsbət sosial-psixoloji təsir buraxmır".

Bunu Demokrat.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.

O, bildirib ki, xüsusilə 10 yaşa qədər olan uşaqlıq dövrü çox spesifik dövrdür:

"Çünki bundan sonra başlayan yeniyetməlik və gənclik mərhələsində şəxsiyyətin sosiallaşması kimi çətin və məsuliyyətli prosesin təməli məhz bu dövrdə qoyulur. Bu mərhələdə uşaqların yaşlarına uyğun olmayan davranışları, adətləri və müxtəlif tədbirlərdə gördükləri situasiyaları mənimsəməsi onlarda ciddi psixoloji və sosiallaşma problemləri yarada bilər".

Sosioloq bildirib ki, belə tədbirlərdə yüksək səs-küy, çoxsaylı insanların iştirakı, toylardakı böyük və gur ortam, həmçinin siqaret, alkoqol kimi davranışların uşaqların gözü qarşısında olması onların psixikasında xoşagəlməz izlər buraxa bilər:

"Uşaqlar bu cür məkanlarda narahatlıq, həyəcan, emosional gərginlik yaşayır. Musiqi, geyim, davranış tərzi kimi böyüklərə aid elementlərlə bir neçə saatlıq təmas onların yaş dövrünə uyğun olmayan həyat tərzini erkən yaşda mənimsəməsinə səbəb olur. Nəticədə bu uşaqlarda aqressivlik, emosional qeyri-sabitlik, yaşına uyğun olmayan davranış modellərinə meyl kimi hallar yarana bilər. Onlar böyüklərin həyat tərzini vaxtından əvvəl mənimsədikləri üçün sonradan nitq qabiliyyətinin inkişafı, yaradıcı potensial və fitri istedad kimi vacib sahələrdə ləngimələr müşahidə oluna bilər. Çünki nitq inkişafının əsas mərhələsi 2–7 yaş arasında formalaşır və bu dövrdə uşağın uyğun olmayan mühitlərdə olması prosesə mənfi təsir göstərir".

Onun sözlərinə görə, 12–20 yaş arasında formalaşan fitri istedad və qabiliyyətlər də 10 yaşa qədərki dövrdə yaşanan psixoloji təhriflər səbəbindən zərər görə bilər:

"Bu yaşa qədər uyğun olmayan tədbirlərdə iştirak uşaqlarda qeyri-adekvat sosiallaşma meyillərinin yaranmasına səbəb olur".

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova