Gündəm Özəl

"Qeyri-rəsmi işləməyin cərimələri çox yüksəkdir" — Ekspert AÇIQLADI

Qeyri-rəsmi işləməyin cərimələri çox yüksəkdir — Ekspert AÇIQLADI

"Qeyri-formal məşğul şəxslərin 16 manat ödəməsi icbari tibbi sığorta sistemidir. Dövlət bildirir ki, işləyənlər öz payını ödəyir, işsizlər, tələbələr, hərbiçilər, əlillər, pensiyaçılar və uşaqlar üçün isə ödənişi dövlət qarşılayır. İşləməyən şəxslər ya işləməli, ya işsiz kimi qeydiyyata düşməli, ya da könüllü şəkildə sığorta haqqını özləri ödəməlidirlər. Bu, digər sığorta növləri kimi könüllü seçimdir. İstəsən ödəyib istifadə edirsən, istəməsən, özəl tibbi xidmətlərdən öz hesabına yararlanırsan".

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.

O, bildirib ki, bu sistemin qeyri-rəsmi məşğulluğu azaltmasına ciddi təsir göstərəcəyi gözlənilmir:

"Dövlət sadəcə qeyri-formal işləyən şəxslərə maliyyə dəstəyi vermək istəmir və onların işçiləri üçün məsuliyyət götürmür. Qeyri-rəsmi məşğulluq yalnız vergi ödəməmək deyil, evdə işləyən, işləmək istəməyən, yaxud işləyib gizlənən insanlar da bu qrupa daxildir. Ona görə də sığorta ödəməmək bu insanların məşğulluq statusunu dəyişmir".

Ekspert bildirib ki, əslində qeyri-rəsmi işləməyin cərimələri çox yüksəkdir:

"Əmək müqaviləsi bağlamadan işçi çalışdıran müəssisələrə 25 min manatadək cərimə tətbiq olunur, hər bağlanmayan müqavilə üçün isə əlavə 1000 manat cərimə nəzərdə tutulur. Bütün bunlara baxmayaraq, bir çoxları yenə də qeyri-rəsmi işləməyi üstün tutur. Belə olan halda 192 manatlıq sığorta haqqının bunu dəyişdirməsi real görünmür".

Onun sözlərinə görə, icbari tibbi sığorta qeyri-rəsmi məşğulluğu azaltmasa da, dövlətin əlavə xərclərini minimuma endirir və qeyri-formal sektora dövlət dəstəyi vermək praktikasını aradan qaldırır.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova