Sosial Özəl

“Pul AYNA vasitəsilə daşıyıcılara çatacaq” — Yeni sistem

“Pul AYNA vasitəsilə daşıyıcılara çatacaq” — Yeni sistem

“Son dəyişikliklərə əsasən, ictimai nəqliyyatda daşıyıcı şirkətlər üçün ödəniş sistemi dəyişir. Əvvəllər daşıyıcılar sərnişin sayı əsasında gəlir əldə edirdilərsə, yeni sistemdə ödənişlər reysə və qət edilən kilometrə görə həyata keçiriləcək”.

Bu fikirləri nəqliyyat eksperti Yasin Mustafayev Demokrat.az-a açıqlamasında deyib.

O diqqətə çatdırıb ki, bu daşıyıcılarla bağlanan yeni müqavilələrdə də əks olunacaq:

“Vətəndaşlar üçün isə bu dəyişikliklərin birbaşa təsiri gözlənilmir. Sərnişinlərin ödədiyi məbləğ əvvəlki kimi qalacaq. Sadəcə daşıyıcılara ödənilən vəsaitin forması dəyişir. Sərnişindən gələn pul birbaşa daşıyıcıya yox, AYNA-ya (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) yönləndiriləcək. Qurum isə həmin vəsaiti kilometraj və marşrut üzrə daşıyıcılara köçürəcək. Bu, nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılması, daha şəffaf və planlı idarəetmə baxımından vacib addım hesab olunur”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova