Kriminal Özəl

Göygöldə əri tərəfindən şiddət görən qadın evdən qaçdı —TƏFƏRRÜAT

Göygöldə əri tərəfindən şiddət görən qadın evdən qaçdı —TƏFƏRRÜAT

Göygöl rayonunda ər-arvad arasında yaşanan mübahisə cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə rayonun Murovdağ qəsəbəsində baş verib. 1986-cı il təvəllüdlü İlkin Məmmədov kənddə yerləşən birgə yaşadıqları evdə arvadı Səbinə (ad-soyad şərtidir – red.) ilə mübahisə edib.

Mübahisənin baş verməsinə səbəb Səbinənin İlkinin sərxoş halda və gec saatlarda evə gəlməsi barədə irad bildirməsi üstündə yaranıb.

Bu zaman İlkin Məmmədov əl və ayaq zərbələri ilə qadının baş, qarın nahiyyələrinə zərbə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən İlkin Məmmədovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, qəsəbədə ailəsi ilə birlikdə yaşayır: “Rəsmi olaraq heç bir yerdə işləmirəm. Səbinə ilə 2 ildir ki, evliyik, bu evlilikdən 1 azyaşlı oğlumuz var. Hadisə günü, gecə saat 3 radələrində Səbinə ilə birlikdə yaşadığım evə gəldim. Həmin vaxt sərxoş vəziyyətdə olmuşam. Bu zaman arvadım mənə niyə gec gəlməyim barədə irad bildirdi. Bu vaxt mən də onun barəsində xoşagəlməz sözlər eşitdiyimi söylədim, onu qısqandığımı bildirdim. Bu zaman aramızda mübahisə baş verdi. Baş vermişmübahisə zamanı əsəbləşərək bir dəfə şillə ilə Səbinənin üz nahiyyəsinə və bir dəfə də təpiklə qarın nahiyyəsinə vurdum. Daha sonra mübahisənin dayanması üçün evin digər otağına keçdim. Həmin vaxt arvadım evdən getdi”. İş üzrə zərərçəkmiş Səbinənin sözlərinə görə, gecə saat 3 radələrində əri İlkin birgə yaşadıqları evə sərxoş halda gəlib və səbəbsiz yerə mübahisə yaratmağa başlayıb: “Mən İlkindən sakitləşməsini istədim. Amma o, mənim barəmdə nalayiq sözlər eşitdiyini dedi və yenidən üzərimə hücum edərək təpiklə qarın nahiyyəmdən, əli ilə də sağ gözümdən zərbə vurdu. Bundan sonra İlkin paltarlarını geyinmək üçün digər otağa keçdi. Mən evdən çıxaraq qaçdım. Sonradan aldığım xəsarətlərə görə özümü pis hiss etdiyim üçün Göygöl Rayon Mərkəzi Xəstəxanasına müraciət edərək müalicə olundum”.

Bu işə Göygöl Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Qadın da ərini bağışlaması, onunla birlikdə yaşayacağı barədə məhkəməyə ərizə təqdim edib.

Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində cinayət təqibinə xitam verilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova