Gündəm Özəl

"İcra orqanları ilə bağlı dəyişikliklər gözlənilir" — Deputatdan AÇIQLAMA

İcra orqanları ilə bağlı dəyişikliklər gözlənilir — Deputatdan AÇIQLAMA

"İcra başçılarının vəzifəyə təyin edilməsi və vəzifədən azad olunması birbaşa cənab Prezidentin səlahiyyətlərinə aiddir. Bu baxımdan yenilənmə prosesi də davam edir. Rayonlara yeni icra başçıları təyin olunur, eyni zamanda rotasiya qaydasına uyğun olaraq onların yerləri dəyişdirilir".

Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib.

O bildirib ki, fəaliyyətində nöqsanlara yol verən icra başçıları barəsində də qərarlar qəbul edilir və onlar vəzifədən azad olunur:

"Ümumiyyətlə, icra strukturu qanunvericiliyin icrası, Prezidentin tapşırıqlarının yerinə yetirilməsi və dövlət siyasətinin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. İcra başçıları təyin olunduqları rayonda üzərlərinə düşən vəzifələri icra etməlidirlər.

Son təyinatlar çərçivəsində bir sıra dəyişikliklər olub. Prezident yeni təyin olunan və yeri dəyişdirilən icra başçılarını qəbul edir və onlara tapşırıqlarını verir. Hər dəfə vətəndaş məmnunluğunun təmin olunması, qanunlara riayət edilməsi və neqativ halların qarşısının alınması xüsusi vurğulanır. Təəssüf ki, bəzi icra başçıları bu tələbləri lazımi səviyyədə yerinə yetirmir və bu da yenilənmələrin davam edəcəyini göstərir".

Deputat deyib ki, bəzi rayonlara yeni icra başçıları təyin edilə və bu prosesdə gənc nəslin nümayəndələrinə üstünlük verilə bilər:

"Bir müddət əvvəl Prezident icra hakimiyyətlərinin sovet dövründən qalan idarəetmə modelinin köhnəldiyini və yeni metodlara keçidin zəruri olduğunu qeyd etmişdi. Hazırda işğaldan azad olunmuş ərazilərdə səlahiyyətli nümayəndələr fəaliyyət göstərir və gələcəkdə idarəetmədə yeni modelə keçidin mümkünlüyü istisna edilmir. Bu dəyişikliklər referendum yolu ilə də həyata keçirilə bilər.

Ümumilikdə, yeni dövrün tələblərinə uyğun olaraq icra strukturlarında islahatlar aparıla, yeni idarəetmə üsulları tətbiq oluna bilər. Məqsəd idarəetmənin təkmilləşdirilməsi, qanunlarım təmin olunması, neqativ halların aradan qaldırılması və vətəndaş məmnunluğunun artırılmasıdır. Proseslər bu istiqamətdə davam etdirilir".

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova