“Azərbaycanın sözügedən toplantıda iştirakı və “Mərkəzi Asiya+Azərbaycan” formatının təşəkkül tapması həm Azərbaycan, həm də Mərkəzi Asiya dövlətləri üçün strateji və tarixi əhəmiyyət daşıyır. Bu format bir neçə mühüm aspektdə qiymətləndirilməlidir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib.
O əlavə edib ki, iştirakçı dövlətlərin əksəriyyəti keçmiş Sovet İttifaqının tərkibində olmuş və MDB-yə daxil olmuş ölkələrdir:
“İndi isə onlar Türk Dövlətləri Təşkilatının üzvləri kimi yeni siyasi, iqtisadi və mədəni inteqrasiya yolunda addımlar atırlar. Bu isə həm Türk Dövlətləri Təşkilatının təsir dairəsinin genişlənməsinə, həm də keçmiş sovet imperializminin ideoloji qalıqlarının zəifləməsinə töhfə verir. Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında nəqliyyat, enerji və təhlükəsizlik sahələrində əlaqələrin dərinləşməsi üçün yeni imkanlar yaranır. Xüsusilə Zəngəzur dəhlizi region üçün strateji əlaqə xətti rolunu oynaya bilər. Format çərçivəsində strateji baxışlar və maraqlar üst-üstə düşür, nəticədə ortaq siyasi təfəkkür formalaşır”.
Siyasi şərhçi qeyd edib ki, türk dünyası daxilində əməkdaşlıqdan əldə olunan əlaqə dividendləri artır:
“Azərbaycan üçün bu proses bəzi üstünlükləri vəd edir. Buna regional və geosiyasi rolun güclənməsi, Mərkəzi Asiya ilə əməkdaşlığın dərinləşməsi, Zəngəzur dəhlizi layihəsi üçün dəstəyin artması, kənar güclərin müdaxilə imkanlarının zəifləməsi və strateji xarici siyasət kursunun daha effektiv həyata keçirilməsi. Bu format yalnız diplomatik və siyasi deyil, həm də iqtisadi və təhlükəsizlik sahələrində böyük potensiala malikdir. Azərbaycan isə bu təşəbbüslərlə həm milli maraqlarını qoruyur, həm də Türk dünyasının birliyinə töhfə verir”.
Leyla Turan Demokrat.az


