Əvvəlcə Avropa və ABŞ-də, daha sonra Türkiyədə yeniyetmələr arasında və sosial mediada sürətlə yayılan mənasız trend artıq Bakıda da müşahidə olunmağa başlayıb.
Sosioloq Sevinc Qasımova Demokrat.az-a açıqlamasında bildirib ki, yeniyetmələr arasında sosial mediada yayılan belə davranışlar əslində diqqət və qrup mənsubiyyəti ehtiyacından qaynaqlanır:
“Yeniyetmələr, xüsusilə də şəhərlərdə yaşayan gənclər, öz kimliklərini və sosial statuslarını qrup içində təsdiqləmək üçün bəzən sərhədləri aşan hərəkətlərə əl atırlar. Sosial media isə bu davranışları sürətlə genişləndirir.
Bir video, bir like və ya paylaşım, digər gənclərə “sən də bunu et və diqqət çəkmə imkanı əldə et” mesajı verir. Trendin mənası əslində məzmununda deyil, risk faktoru və görünməz sosial sanksiya oyununda gizlənir. Bu hərəkətlər cəmiyyətin kollektiv norma və dəyərləri ilə ziddiyyət təşkil edir.
Dövlət əmlakına ziyan vurmaq, ictimai qaydaya hörmətsizlik bunlar gənclərin sərhəd sınama və fərqlilik göstərmə ehtiyacının görünən təzahürüdür”.
Sosioloq deyib ki, bu trend yalnız risk və diqqət üzərində qurulub:
“Yəni əyləncə anlayışı yoxdur, sadəcə görünür olmaq və sosial mediada mövcudluğunu təsdiqləmək məqsədilə həyata keçirilir. Əslində bu, müasir gənclərin sosial və psixoloji vəziyyətinin göstəricisidir: onlar həm qəhrəman olmaq, həm də qrupa aid olmaq istəyirlər.
Amma bunu mənalı və faydalı yollarla etməkdə çətinlik çəkirlər. Belə tendensiyalar cəmiyyət üçün xəbərdarlıqdır: yeniyetmələrə yönəlik maarifləndirmə, təhlükəsizlik və sosial məsuliyyət mövzularında erkən təhsil zəruridir. Əks halda, sosial media vasitəsilə yayılan mənasız trendlər həm ictimai təhlükəsizlik, həm də gənclərin öz inkişafı üçün risk yarada bilər”.
Leyla Turan Demokrat.az


