Hərbi Özəl

Türkiyəli general: "Azərbaycan Cənubi Qafqazda aktiv oyunçuya çevrilib"

Türkiyəli general: Azərbaycan Cənubi Qafqazda aktiv oyunçuya çevrilib

"Türkiyə və Azərbaycan arasında siyasi, sosial, iqtisadi və mədəni sahələrdə birliyə və həmrəyliyə əsaslanan münasibətlər Azərbaycanın müstəqillik qazandığı gündən etibarən daim artan dinamika ilə davam edir. Bu birlik və həmrəylik hər iki ölkəyə öz maraqlarını qorumaqda və regionda güclənməkdə böyük üstünlük verir. Eyni zamanda, Cənubi Qafqaz, Anadolu və yaxın ərazilərdə ciddi təsir yaradır".

Bu sözləri Demokrat.az-a açıqlamasında türkiyəli ehtiyyatda olan general-mayor Yücel Karauz deyib.

O bildirib ki, bu güc birlikləri Naxçıvan Sazişi ilə tarixdə mühüm dönüş nöqtəsinə çevrilərək Türk dili danışan ölkələr şurasının formalaşmasına səbəb oldu:

"Aprel döyüşləri və İkinci Qarabağ müharibəsi zamanı Türkiyənin Azərbaycana göstərdiyi sabit siyasi dəstək bu münasibətləri daha da gücləndirdi və Şuşa Bəyannaməsi ilə ən yüksək səviyyəyə çatdırdı. Bu strateji müttəfiqlik Türk dövlətləri arasında inteqrasiyaya da təsir etdi və nəticədə 2022-ci ildə Türk dili danışan ölkələr şurası Türk Dövlətləri Təşkilatına çevrildi".

Sabiq hərbçi bildirib ki, qarşılıqlı etimada əsaslanan bu əlaqələr hər iki ölkənin regional gücə çevrilməsinə və qlobal məsələlərdə fəal mövqe tutmasına imkan verdi:

"Enerji təhlükəsizliyi, logistika dəhlizləri, beynəlxalq təşkilatlarda fəaliyyət və müstəqil siyasət yürütmək baxımından Türkiyə və Azərbaycanın mövqeyi daha da gücləndi. Bu birliktelik müxtəlif regional və beynəlxalq platformalarda açıq şəkildə görünür.

Bu gücü görən digər dövlətlər, o cümlədən Türk Dövlətləri Təşkilatının üzvləri, Mərkəzi Asiya ölkələri, Avropa dövlətləri və hətta Atlantik alyansı belə bu əməkdaşlığın əhəmiyyətini qəbul edir. Türkiyə və Azərbaycanın birliyi hər iki ölkənin milli maraqlarının qorunmasında, üçüncü tərəf ölkələrlə dialoqun qurulmasında və problemlərin həllində mühüm rol oynayıb".

O deyib ki, bu gün Azərbaycan Cənubi Qafqazın regional gücü kimi həm öz təbii sərvətlərindən, minerallarından və coğrafi üstünlüklərindən ən səmərəli şəkildə yararlanır, həm də digər dövlətlərin bölgəyə yönəltdiyi siyasətləri neytrallaşdıraraq özü aktiv oyunçuya çevrilib:

"Türkiyə və Azərbaycanın bu birliyi İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq platformalarda da hər iki ölkəyə böyük üstünlük qazandırıb. Nəticə olaraq, iki ölkə arasındakı bu möhkəm birlik həm Türkiyə, həm də Azərbaycan üçün qarşılıqlı fayda modelini formalaşdırıb".

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova