“AZAL-ın “powerbank” qadağası risklərin qiymətləndirilməsindən çox inzibati yanaşma təsiri bağışlayır. Bu batareyalar aviasiyada ən çox yanğın riski yaradan qurğular sırasındadır və kiçik nasazlıq belə uçuş zamanı ciddi təhlükə yarada bilər”.
Bunu ictimai təhlükəsizlik məsələləri üzrə ekspert Seymur Əliyev Demokrat.az-a açıqlamsında deyib.
O qeyd edib ki, “powerbank”ların qızması, deformasiyası və ya qısaqapanması halında yanğın bir neçə saniyədə yayılır:
“Bu risk təyyarə salonunda digər avadanlıqlarla müqayisədə daha yüksəkdir. Təyyarədə yanğınla mübarizə imkanlarının məhdud olduğu nəzərə alınsa, aviaşirkətin qabaqlayıcı tədbir kimi sərt məhdudiyyət tətbiq etməsi tam rasional görünür. Beynəlxalq praktika tam qadağan tələb etməsə də, hər aviaşirkət öz risk qiymətləndirməsinə əsasən daha sərt qaydalar müəyyən edə bilər. AZAL-ın mövqeyi də məhz uçuş zamanı mümkün hadisələrin qarşısını almağa yönəlib. Cihazların baqaj rəfinə qoyulmamasına dair tələb də təhlükəsizlik baxımından məntiqlidir, çünki nasazlıq baş verərsə, sərnişin və heyət vəziyyətə daha tez reaksiya verə bilir. Aviasiya sahəsində təhlükəsizlik hər zaman komfortdan üstün tutulur. Bu addım bəziləri üçün sərt görünsə də, aviaşirkət ən pis ssenarinin qarşısını almaq məqsədilə maksimum təhlükəsizlik xəttini seçib. AZAL-ın qərarı riskləri azaltmağa yönəlmiş preventiv tədbir kimi dəyərləndirilə bilər və uçuş təhlükəsizliyi baxımından məntiqli əsasları var”.
Leyla Turan Demokrat.az


