Gündəm Özəl

"30 il əməkdaşlıq Azərbaycan və Özbəkistanı strateji tərəfdaşa çevirdi"

30 il əməkdaşlıq Azərbaycan və Özbəkistanı strateji tərəfdaşa çevirdi

“Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlərin 30 illiyi iki ölkə üçün strateji əhəmiyyət daşıyan mərhələdir. Bu illər ərzində əlaqələr yalnız rəsmi protokollarla məhdudlaşmayıb, həm də iqtisadi, siyasi və mədəni sahələrdə praktik əməkdaşlıqla zənginləşib”.

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

O əlavə edib ki, qarşılıqlı etimadın formalaşması tərəflər arasında sabit və ardıcıl dialoq mexanizminin qurulmasına imkan yaradıb:

“Son üç onillikdə iqtisadi ticarət əlaqələri dinamik inkişaf edib, enerji və nəqliyyat sahələrində yeni perspektivlər açılıb. Bu müddət ərzində investisiya mühitinin gücləndirilməsi, birgə layihələrin təşkili iki ölkənin strateji tərəfdaşlıq səviyyəsini yüksəldib. Bakı və Daşkəndin yanaşmaları regionda sabitliyi dəstəkləyən, çoxvektorlu və balanslı xarici siyasət modelini əks etdirir. Azərbaycan və Özbəkistan hər iki dövlətin milli maraqlarını qoruyaraq, regional inteqrasiyanı gücləndirən təşəbbüslərdə birgə iştirak ediblər. Mədəni və humanitar əməkdaşlıq sahəsində isə xalqlar arasında uzunmüddətli əlaqələrin formalaşması diqqət çəkir. Təhsil və elm sahəsində birgə layihələr, tələbə mübadilələri və elmi forumlar tərəflər arasında əlaqələrin dərinləşməsinə xidmət edib”.

Politoloq əlavə edib ki, enerji və nəqliyyat sahələrində strateji layihələr Azərbaycanın Orta Dəhliz və Mərkəzi Asiya ilə əlaqələrində rolunu gücləndirir:

“Özbəkistanla əməkdaşlıq regionun iqtisadi və geosiyasi xəritəsində Bakının təsir dairəsini genişləndirir. Bu 30 illik dövr göstərir ki, tərəflər qarşılıqlı fayda prinsipinə əsaslanan uzunmüddətli əməkdaşlıq strategiyasını formalaşdırıblar. Siyasi dialoqlar yalnız rəsmi xarakter daşımayıb, həm də strateji qərarların koordinasiyası üçün platforma rolunu oynayıb. Azərbaycan–Özbəkistan münasibətləri bu illər ərzində həm sabitlik, həm inkişaf, həm də regional inteqrasiya baxımından nümunəvi əməkdaşlıq modelinə çevrilib. Bu yubiley, tərəflər arasında formalaşmış möhkəm təməlin dəyərləndirilməsi və gələcək üçün yeni strateji hədəflərin müəyyənləşdirilməsi üçün mühüm fürsətdir”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova