TƏBİB-in təşkilatçılığı ilə Qazax Müəllimlər Seminariyasında “Qlobal Cərrahiyyə 2030” konsepsiyası çərçivəsində “Zəruri cərrahiyyə və anesteziya xidmətlərinin təşkili üzrə I Konfrans” baş tutub.
Konfransda açılış nitqi ilə çıxış edən TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib ki;
“Bizi hədəfimiz 2030-cu ilə qədər ölkəmizin hər bir regionunda cərrahi və anestezioloji xidmətləri inkişaf erdirmək, ən mürəkkəb cərrahi əməliyyatları region əhalisi üçün əlçatan etməkdir”.
V.Qurbanov qeyd edib ki, İcbari Tibbi Sığortanın yenilənən Xidmətlər Zərfinə əlavə edilən 775 xidmətdən 469-u cərrahi əməliyyatlardır. Eyni zamanda, bu cərrahi əməliyyatlara həyati, vacib, əlillik və ya ölüm riski yüksək olan xəstəliklərlə bağlı əməliyyatlar daxildir. Bu gün ölkəmizdə dövlət tibb müəssisələrində də yüksək keyfiyyətli və təhlükəsiz şəkildə orqan transplantasiyası icra olunur.
Qeyd edək ki, konfransın məqsədi 2030-cu ilə qədər inzibati ərazi vahidləri üzrə tibbi ərazi bölmələrində yüksək texnoloji və intensiv terapiya tələb edən ixtisaslaşmış cərrahi xidmətlərə (neyrocərrahiyyə, ürək, protezləmə, bariatrik və s.) çıxışın təmin edilməsi üçün klinik təchizatın dayanıqlığının gücləndirilməsi, xəstə axınının optimallaşdırılması, davamlı tibb təhsili proqramlarının tətbiqi, regionlara ixtisaslı kadrların cəlbi və xaricdə fəaliyyət göstərən mütəxəssislərin ölkə səhiyyəsinə inteqrasiyası istiqamətində tədbirlərin həyata keçirilməsinin ilkin mərhələdə start verməkdir. 





