“Cari ilin 10 ayının yekunlarına görə, Azərbaycanda 23 mln ton neft və kondensat hasil edilib və ötən ilin eyni dövrü ilə müqayisədə azalma tempi 4,6% təşkil edib. Bu göstəricilərdən çıxış etsək, 2025-ci ildə hasilat təqribən 27,6 mln ton olacaq. Ötən il isə ölkədə maye karbohidrogenlərin əmtəəlik hasilatı 29 mln təşkil etmişdi. Yəni illik nəticədə azalma tempi həqiqətən yüksək olaraq qalır”.
Bunu Demokrat.az-a açıqlamasında enerji məsələri üzrə ekspert İlham Şaban deyib. O bildirib ki, bundan başqa əgər son 5 ilin nəticələrini təhlil etsək görərik ki, 2020-ci ildə Azərbaycanda neft hasilatı 7,9% azalaraq 35,1 mln ton olmuşdu. Başqa sözlə, 5 ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı təqribən 7,5 mln ton azalmış olacaq:
“Amma bundan sonrakı beşillikdə vəziyyət indi yola saldığımız beşillik kimi dramatik olmayacaq. Çünki neft hasilatının stabilləşdirilməsi yönümündə bir sıra addımlar artıq atılıb, digərləri isə atılmaqdadır. Belə ki, 2024-cü ilin aprelində "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda istismara verilmiş yeni platforma artıq 1 il sonra özünün layihə imkanlarına yaxınlaşmağa (gündəlik 100 min barel) başladı və bu da ölkənin hasilat göstəricilərində özünü göstərməyə başlayır.
Dövlət Statistika Komitəsinin aylıq hesabatlarını təhlil etdikdə görmək münkündür ki, artıq cari ilin may ayından Azərbaycanda neft və qaz hasilatı hər ay üzrə 2,3 mln ton ətrafında stabilləşib. Bunun özü yaxşı nəticədir. Hökumətin planlarına əsasən, 2028-ci ildən bəzi yataqlarda layların neftverimliyinin artırılmasına nail olunacaq, 2029-cu ildə "Qarabağ" yatağında neft hasilatına başlanılacaq, 2030-cu ildən isə "Abşeron" yatağının növbəti mərhələsinin işlənməsi çərçivəsində kondensat hasilatının 2 dəfədən çox artımı planlaşdırılır.
Amma ümumilikdə ölkədə neft və kondensat hasilatının azalma prosesi davam edəcək. Bu baxımdan da neft-qaz sektorunun ölkə iqtisadiyyatında həm xüsusi çəkisi azalacaq, həm də Azərbaycanın gəlirlərindəki payı aşağı düşəcək”.
Cavidan Mirzəzadə Demokrat.az


