Gündəm Özəl

Politoloq: Azərbaycan və Türkiyə arasında hərbi və strateji müttəfiqlik mövcuddur

Politoloq: Azərbaycan və Türkiyə arasında hərbi və strateji müttəfiqlik mövcuddur

“Gəncə şəhərindən Türkiyəyə qaydan zaman Türkiyəyə məxsus hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması bir sıra versiyaların irəli sürülməsinə səbəb olub. Hadisə həm ictimaiyyətdə, həm də ekspert dairələrində suallar doğurur. Lakin ilkin ehtimallar daha çox texniki nasazlıq versiyası üzərində cəmləşir”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

O qeyd edib ki, qəzaya uğrayan təyyarə artıq 50 ildir istismardadır və 2020-ci ildə onun ümumi texniki baxışdan keçirildiyi bildirilir:

“Bu fakt, uzun müddət istismarda olan aviasiya texnikasının etibarlılığına dair suallar yaradır. Hava gəmisinin yaşı və texniki yorgunluğu ehtimal olunur. Qəzadan sonra bəzi dairələr hadisənin təxribat ola biləcəyi versiyasını gündəmə gətirdilər. İddialar Rusiya tərəfinin bu işdə əli ola biləcəyi ilə bağlıdır. Lakin Rusiya səfirliyi dərhal açıqlama yayaraq, “Biz Türkiyənin düşməni deyilik, belə bir şey etməmişik” deyə mövqe bildirdi. Mövcud regional və beynəlxalq siyasi kontekstə baxdıqda, Rusiyanın belə bir təxribatla çıxış etməsi rəsmi Moskva üçün son dərəcə ciddi nəticələrə yol aça bilərdi – xüsusilə də Suriyada yerləşən hərbi mövqelərinə və ümumi geosiyasi nüfuzuna mənfi təsir göstərə bilərdi. Azərbaycan və Türkiyə arasında hərbi ittifaq və strateji müttəfiqlik mövcuddur. Hər iki ölkə arasında koordinasiyalı şəkildə aparılan hərbi əməkdaşlıq Rusiya və İran üçün də diqqət mərkəzində olan məsələlərdəndir”.

Politoloq əlavə edib ki, bu cür hadisələr, xüsusilə bölgədə mövcud hərbi-siyasi balansı dəyişə biləcək məqamlarda, daha da həssaslıq yaradır:

“Mövcud məlumata əsaslanaraq demək olar ki, qəzanın baş vermə səbəbi daha çox texniki nasazlıqla bağlıdır. Hadisənin səbəbləri ilə bağlı Türkiyə tərəfindən veriləcək rəsmi açıqlama, hadisəyə aydınlıq gətirəcək əsas mənbə olacaq. Hazırkı mərhələdə siyasi təxribat ehtimalı zəif görünür və ehtimal olunan texniki səbəblər daha real və məntiqli qiymətləndirilir”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova